“3+3” yeni mərhələyə keçir: Moskvada enerji müzakirə olunacaq
Regional əməkdaşlığın “3+3” formatının enerji gündəliyi ilə genişləndirilməsi planlaşdırılır.
TodayPress TV “RİA Novosti”yə istinadən xəbər verir ki, oktyabrda Moskvada keçiriləcək “Rusiya Enerji Həftəsi” forumu çərçivəsində enerji əməkdaşlığı məsələləri üzrə ilk görüş baş tutacaq.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.
Onun sözlərinə görə, “3+3” formatında praktiki əməkdaşlıq genişlənir. İyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “3+3” üzrə ekspert platforması yaradılıb. Platformada Gürcüstan da daxil olmaqla, regionun altı ölkəsindən politoloqlar iştirak edib.
Kalugin həmçinin bildirib ki, “3+3” platformasına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi məkanı Azərbaycan və Ermənistan müəyyən etməlidir.
Rusiya XİN nümayəndəsi Moskvanın tərəfdaşlara lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Gültac Mehdizadə