Yeni müharibə təhlükəsi: İsrail ordusuna hazırlıq əmri

Yeni müharibə təhlükəsi: İsrail ordusuna hazırlıq əmri
07.10.2026 01:30 Dünya

İsrail ordusu İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının (FMA) qüvvələri ilə mümkün münaqişə ssenarisinə hazırlaşır.

TodayPress TV İnterfaksa istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, ÇAXAL FMA qüvvələrinin və FƏTH hərəkatının «Tənzim» adlı silahlı qanadının israilli məskunlaşanlara və İsrail hərbçilərinə qarşı silah çevirə biləcəyi ssenariyə hazırlaşır.

Kats hərbçilərə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı baş verənlərdən nəticə çıxarmağı və mümkün yeni hücum ehtimalını nəzərə almağı tapşırıb.

Nazirin sözlərinə görə, belə bir əməliyyatın keçirilməsi halında yüksək vəzifəli şəxslərin zərərsizləşdirilməsi və ya ərazidən çıxarılması, silah-sursat anbarlarının məhv edilməsi, mülki əhalinin genişmiqyaslı təxliyəsi və şəhərlərdə, eləcə də qaçqın düşərgələrində hərbi infrastrukturun dağıdılması nəzərdə tutulur.

Kats bildirib ki, ÇAXAL Qəzza zolağı və Livanda tətbiq edilən taktikalardan istifadə edə bilər.

Bununla yanaşı, The Times of Israel qeyd edir ki, İsrail rəhbərliyinin bir hissəsi FMA-nı tənqid edir. İsrail hərbi dairələrində isə administrasiyanın təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində ekstremizmlə mübarizədə mühüm tərəfdaş hesab olunur.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər