100 ildir itkin düşən XVII əsrə aid kilsə rəsmləri tapıldı
İspaniya Milli Polisi XVII əsr Sevilya məktəbinin nümayəndəsi, rəssam Lukas Valdesə məxsus iki yağlı boya tablosunu aşkar edib.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda bildirilir.
Məlumata əsasən, yerli xəstəxanalardan birinə məxsus olan bu rəsmlər təxminən yüz il əvvəl yoxa çıxıb. Faktla bağlı araşdırmalara 2025-ci ilin sentyabrında başlanılıb. Həmin vaxt ölkənin Mədəniyyət Nazirliyi hərrac evlərindən birinin kataloquna daxil edilən iki əsərin Sevilyadakı xəstəxana kilsəsindən oğurlanmış ola biləcəyi barədə polisə xəbərdarlıq edib.
Sözügedən tablolar İncil səhnələrinin təsvir olunduğu iki oval sənət əsəridir. Kilsənin əsas qurbangahının tərtibatının bir hissəsi olan bu işlər 1929-cu ildə Sevilyada keçirilən İbero-Amerika sərgisində nümayiş etdirilmək üçün verilmişdi. Lakin sərgi başa çatdıqdan sonra əsərlər geri qaytarılmayıb və indiyədək onların harada olduğu məlum deyil.