Uşaq qidaları alarkən nələrə diqqət etməliyik?

Cəmiyyət

03.02.2026 12:11

"Nestlé" şirkəti Avropanın bir sıra ölkələrində uşaqlar üçün olan bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırıb.

Səbəb məhsullarda "cereulide" toksini ilə çirklənmə riskidir.

Allerqoloq, pediatr Elşən Tağıyev bu risklər barədə TodayPress TV-yə danışıb.


Onun sözlərinə görə, "Bacillus cereus" torpaq və ətraf mühitdə geniş yayılmış bakteriyadır və xüsusilə taxıl tərkibli qidalarda, hazır sıyıqlarda və uşaq qidalarında uyğun şərait olduqda sürətlə çoxala bilir.

"Bu bakteriyanın ifraz etdiyi cereulide toksini istiliyə davamlıdır və adi bişirmə və ya sterilizasiya prosesləri zamanı tam məhv olmur. Məhz bu xüsusiyyəti onu körpələr üçün daha təhlükəli edir. "Cereulide" toksini ilə çirklənmiş qidanın qəbulu körpə və erkən yaşlı uşaqlarda qusma, ishal, qarın ağrısı, halsızlıq kimi əlamətlərlə özünü göstərə bilər. Ağır hallarda su-elektrolit balansının pozulması, qaraciyər zədələnməsi və nadir hallarda həyati təhlükə yaradan vəziyyətlər müşahidə oluna bilər. Körpələrin immun sistemi hələ tam formalaşmadığı üçün bu yaş qrupunda risk daha yüksəkdir".  

Həkim əlavə edib ki, qida məhsullarının geri çağırılması hər zaman real zəhərlənmə faktının olması demək deyil: 

"Çox vaxt bu addım potensial risk aşkarlandıqda, yəni profilaktik məqsədlə atılır. Bu, istehsalçıların və nəzarət qurumlarının qida təhlükəsizliyinə ciddi yanaşmasının göstəricisidir və valideynlər üçün xəbərdarlıq xarakteri daşıyır. Rəsmi idxalçılar vasitəsilə gətirilən, qeydiyyatdan keçmiş və sertifikatlaşdırılmış uşaq qidaları əsasən təhlükəsiz hesab olunur. Lakin paralel idxal, düzgün olmayan saxlama şəraiti, temperatur rejiminin pozulması və son istifadə tarixinin keçməsi riski artıra bilər. Qida təhlükəsizliyi yalnız istehsal mərhələsi ilə deyil, daşınma və satış zənciri ilə də sıx bağlıdır. Azərbaycanda satılan "NAN 2" partiyası da geri çağırılıb".   

Pediatr tövsiyə edib ki, valideynlər ilk növbədə məhsulun son istifadə tarixinə, qablaşdırmanın bütöv və zədəsiz olmasına diqqət etməlidirlər.

"Tanınmış və rəsmi qeydiyyatdan keçmiş brendlərə üstünlük verilməli, məhsul açıldıqdan sonra istehsalçının tövsiyə etdiyi müddətdə istifadə olunmalıdır. Qidanın qoxusunda, rəngində və ya teksturasında dəyişiklik varsa, belə məhsullar uşağa verilməməlidir. Ev yeməkləri gigiyena qaydalarına düzgün əməl edildikdə təhlükəsiz ola bilər. Lakin bişmiş qidanın otaq temperaturunda uzun müddət saxlanması "Bacillus cereus" üçün əlverişli şərait yaradır. Buna görə də qida hazırlandıqdan sonra tez soyudulmalı, soyuducuda saxlanmalı və yenidən qızdırılarkən tam isidilməlidir".

Elşən Tağıyev qeyd edib ki, uşaq qidalarında təhlükəsizlik istehsalçılar, nəzarət orqanları və valideynlərin birgə məsuliyyətidir. Məhsulların geri çağırılması panika səbəbi deyil, əksinə təhlükəsizlik mexanizmlərinin işlədiyini göstərir.

Türkan İsgəndərli

tag: Elşən Tağıyev,Pediatr,Uşaq qidası,Risk,Todaypress.tv,