Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”

Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək”
23.06.2026 16:28 Cəmiyyət

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında hansı peşələrin gələcəyinin daha parlaq olacağı ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Bir çox valideyn və abituriyent hesab edir ki, gələcəyin ən təhlükəsiz və perspektivli sahələri kompüter mühəndisliyi, proqramlaşdırma və informasiya texnologiyaları ilə bağlı ixtisaslardır. 

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bu yanaşmanın birtərəfli olduğunu düşünür.


Ekspertin sözlərinə görə, süni intellektin inkişafı nəticəsində məhz kompüter və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər də ciddi rəqabətlə üzləşə bilərlər.

"Hamı deyir ki, süni intellekt dövrüdür, məhz buna görə də kompüter yönümlü ixtisaslara istiqamətlənmək lazımdır. Amma çoxları nəzərə almır ki, elə süni intellektin təsirinə məruz qalan sahələrdən biri də kompüter mühəndisləri və informasiya texnologiyaları üzrə məzunlar olacaq".

O hesab edir ki, son illərdə bu sahələrə marağın kəskin artması yaxın gələcəkdə əmək bazarında rəqabəti daha da gücləndirəcək.

"Çoxluq bu istiqamətə meyilləndiyi üçün rəqabət artacaq. Nəticədə əmək bazarında daha güclü və peşəkar kadrlar qalacaq. Digərləri isə iş tapmaqda çətinlik çəkəcək və ya ixtisarlarla üzləşəcəklər".

Ramin Nurəliyevin fikrincə, gənclər peşə seçimi zamanı yalnız trendə çevrilmiş sahələrə deyil, öz bacarıq və maraqlarına uyğun istiqamətlərə üstünlük verməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər