Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ

Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
25.06.2026 21:10 Cəmiyyət

Bakıda nənəsinin evindən xalasının pullarını oğurlayan şəxsə cəza verilib.

TodayPress TV "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Ə.İ.-nin barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, 2026-cı ilin fevral ayının əvvəllərində Ə.İ. Xətai rayonunda nənəsi Əminənin evinə gedib. O, orada nənəsi ilə birgə yaşayan fiziki məhdudiyyətli xalası Güllərin 8 000 manat pulunu oğurlayıb.

O, oğurladığı vəsaitlə Xəzər rayonunun Şüvəlan qəsəbəsində gündəlik kirayə haqqı 250 manat olan həyət evi tutub, qalan pulu isə əyləncələrə xərcləyib. Məhkəmədə əməlindən peşman olduğunu bildirən Ə.İ. dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş xalası ilə barışdığını qeyd edib.

Məhkəmənin hökmü ilə Ə.İ. şübhəli şəxs qismində saxlanıldığı 2 gün çıxılmaqla, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmə onun üzərinə cəza müddətində axşam saat 23:00-dan səhər 07:00-dək yaşayış yerini tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini qoyub.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər