Metropolitenin yarıdan çoxu müasir nəsil vaqonlardan ibarət olacaq
Cəmiyyət
07.11.2025 11:42
“Bu il “Bakı Metropoliteni” QSC dörd yeni qatar gətirməyi planlaşdırırdı”.
TodayPress TV xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, sentyabrda son 16 il ərzində ilk dəfə iki dəqiqədən aşağı — 1 dəqiqə 45 saniyəlik interval tətbiq edilib. Bu, xəttdə hərəkət edən qatarların sayının və hərəkət intensivliyinin artırılmasını zəruri edib:
“İstehsalçı müəssisə ilə aparılan danışıqlardan sonra əlavə iki qatarın da bu il Bakıya gətirilməsi təmin olunub. Hazırda üç qatar, yəni 15 vaqon xəttə buraxılmağa hazırdır. Bu qatarlara dördüncü nəsil qatarlar deyilir və onlar müasir dövrün ən yüksək standartlarına cavab verir. İlin sonuna qədər daha üç qatar da xəttə buraxılacaq”.
Bəxtiyar Məmmədov əlavə edib ki, bu proses nəticəsində Bakı Metropoliteninin vaqon parkında yeni nəsil vaqonların sayı 180-ə, qatarların sayı isə 36-ya çatacaq:
“Bu, o deməkdir ki, artıq metropolitenin vaqon parkının yarıdan çoxu yeni nəsil qatarlardan ibarət olacaq”.
O, yeni qatarların üstünlüklərindən danışarkən ilk növbədə təhlükəsizlik elementlərinin ön plana çəkildiyini vurğulayıb:
“Bu vaqonlar Bakı Metropoliteninin texniki tələblərinə tam cavab verir. Əsas mexanizmlər Avropanın aparıcı istehsalçılarından alınır: hərəkətverici hissələr Almaniyadan, mühərriklər Avstriyadan, vaqonlararası keçidlər isə Çexiyadan gətirilir. Bütün bu detallar Bakı metrosunun mürəkkəb relyefinə uyğunlaşdırılıb”.
B.Məmmədov bildirib ki, yeni qatarların təmiri prosesi də optimallaşdırılıb, istismar zamanı nasazlıqların minimuma endirilməsi üçün texnoloji proseslərə xüsusi diqqət yetirilir.
O əlavə edib ki, bu qatarlarda kondisioner sistemi, havalandırma və mikroiqlim nəzarəti ən yüksək səviyyədədir:
“Kondisioner və mikro nəzarət sistemi təkcə havanı soyutmur, həm də temperaturu normada saxlayır, zərərli hissəcikləri təmizləyir, oksigen və rütubət balansını tənzimləyir. Bütün bunlar sərnişin rahatlığı üçün nəzərdə tutulub”.
Bəxtiyar Məmmədov sonda bildirib ki, 15 yeni vaqonun xəttə buraxılması ilə Bakı Metropolitenində həm hərəkət intensivliyi artacaq, həm də sərnişinlər daha komfortlu səyahət şəraiti ilə təmin olunacaq.
Qiymət Mahir
tag: Bəxtiyar Məmmədov,Metro,Qatar,Kondisioner,Todaypress.tv,
