Heyvan bazarları açıldı: Ət ucuzlaşacaq?

Cəmiyyət

17.12.2025 16:59

"Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Bunlara baxmayaraq, ət məhsullarında qiymətlərin aşağı düşəcəyi gözlənilmir". 

Bu fikirləri TodayPress TV-yə danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib. 


Ekspertin sözlərinə görə, bazarın fəaliyyət göstərməsi avtomatik olaraq qiymətlərin enməsi demək deyil. Çünki sahibkarların əvvəlki dövrlərdə üzləşdiyi maliyyə itkiləri hələ də tam aradan qalxmayıb:

"Real ucuzlaşma yalnız klassik bazar mexanizmləri işə düşəndə mümkündür. Bazar o zaman real fəaliyyət göstərir ki, təklif tələbi üstələyir, bazara çox məhsul çıxarılır və eyni zamanda alıcılıq qabiliyyəti kifayət qədər zəif olur. Ancaq yalnız bu halda qiymətlər ucuzlaşa bilər".

İqtisadçının fikrincə, hazırkı mərhələdə nə məhsul bolluğu var, nə də alıcılıq qabiliyyətinin kəskin azalması müşahidə olunur. Bu səbəbdən bazarın açılması qiymətlərə ciddi təsir göstərmir:

"Bazarın fəaliyyətə başlaması o demək deyil ki, təklif avtomatik olaraq tələbi üstələyəcək. Hazırkı şəraitdə bu bazarın iqtisadiyyatda, xüsusilə də ət qiymətlərinə təsir gücü yoxdur", - deyə Xalid Kərimli fikrini sonlandırıb.

Qeyd edək ki, heyvan bazarları fəaliyyətini müvəqqəti dayandırmazdan əvvəl paytaxt bazarlarında ətin qiyməti əsasən 16-16 manat 50 qəpik aralığında dəyişirdi. Lakin bazarların bağlanmasından sonra qiymətlərdə nəzərəçarpacaq artım müşahidə olunmağa başladı. Belə ki, əvvəllər 16 manata təklif olunan ət məhsulları sonradan 17 manata, bəzi hallarda isə 18 manata qədər satılmağa başladı. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Heyvan bazarı,Ət,Ucuzlaşma,Todaypress.tv,