Bakı Limanında konteyner dövriyyəsi 40 faiz artıb
Cəmiyyət
18.12.2025 12:16
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner dövriyyəsi əhəmiyyətli dərəcədə artıb”.
TodayPress TV xəbər verir ki, bu barədə limanın direktoru Eldar Salahov məlumat verib.
O bildirib ki, 2024-cü ildə Bakı Limanında konteyner dövriyyəsi 76 min təşkil etdiyi halda, cari ildə bu göstərici 100 minə çatıb. Direktorun sözlərinə görə, ilin sonunadək konteynerlərin sayının 104–105 minə yüksələcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 40 faiz artım deməkdir.
Eldar Salahov gələn il üçün proqnozlara da toxunaraq qeyd edib ki, daha dəqiq hesablamalar aparılsa da, 2026-cı il üzrə ən azı 110 min konteynerin daşınması planlaşdırılır.
Direktor artımın əsas səbəbi kimi iş yükünün yüksəlməsini göstərib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ölkə rəhbərliyinin siyasi iradəsi bu prosesə mühüm təkan verir. Azərbaycanın regional və beynəlxalq miqyasda logistika oyunçusuna çevrilməsi, eləcə də sistemli logistika infrastrukturunun qurulması bu nəticələrin əldə olunmasına şərait yaradır.
Eldar Salahov əlavə edib ki, yaxın gələcəkdə iş yükünün daha da artacağı gözlənilir. O xatırladıb ki, 2018-ci ildə Bakı Limanı istifadəyə verilərkən illik yükaşırma gücü 15 milyon ton, yəni təxminən 100 min konteyner həcmində hesablanmışdı və hazırda bu göstərici artıq ötülüb.
Qiymət Mahir
tag: Eldar Salahov,Bakı,Liman,Daşıma,Todaypress.tv,
