AQTA: Heyvan bazarlarında yenidənqurma işləri davam edir

Cəmiyyət

12.11.2025 17:08

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir.

Bu barədə TodayPress TV-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır. Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir.

Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək.

tag: Azərbaycan ,AQTA,Qida,Heyvan,Todaypress.tv,