85 min manata ev aldı, aldadıldı - ŞİKAYƏT

Cəmiyyət

17.12.2025 11:27

TodayPress TV-nin redaksiyasına müraciət edən Bakı şəhər sakini Axundova Həlimə xanım bildirir ki, Zabrat -Kürdəxanı  şossesi ərazisində yerləşən Bakı Müasir Yaşayış Kompleksində yeni tikilmiş binalardan 3 otaqlı mənzil alıb və xanıma MTK tərəfindən mənzilin sahəsinin 81kv/m olduğu bildirilib.

Həlimə xanımın sözlərinə görə, 3 otaqlı mənzilə 85 min manat pul ödəyib, alqı-satqı nağd şəkildə olub və müştəriyə heç bir qəbz verilməyib. 

Yaranmış problemlə bağlı sözügedən MTK-nın əməkdaşı Sadiq Əşrəfova sorğu ünvanlasaq da, o, sorğumuza cavab verməkdən boyun qaçırdı.

Məsələnin başqa bir tərəfi də odur ki, şikayətçi mənzili bu ilin mart ayında alsa da, Daşınmaz Əmlakın Reyestri Xidmətindən mənzilin sənədini yaxın günlərdə alıb və sənəddə mənzilin sahəsi 69.10 kv/m göstərilib. Ancaq halbuki bu MTK-nın reklam səhifəsində bu ölçüdə mənzil sahəsi heç göstərilməyib də.

Xanım iddia edir ki, ödədiyi məbləğə görə mənzil almayıb.

Problemlə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətilə əlaqə saxladıq və bildirildi ki, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Kollegiyasının 4 dekabr 2012 ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərin sahəsinin və həcminin hesablanması" qaydalarına uyğun olaraq həyata keçirilir. 

Şikayətçinin problemi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura komitəsilə də əlaqə saxladıq. Onlarsa öz növbəsində bizi Daşınmaz Əmlakın Reyestri Xidmətinə yönlətdilər. 

Maraqlısı odur ki, şikayətçinin problemini aidiyyatı qurumların heç biri üzərinə götürmək istəmədi.  

Bəs belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar nələrə diqqət etməlidirlər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd etdi ki, belə hallar bu gün Bakı şəhər üçün kifayət qədər xarakterik bir məsələdir. Vətəndaşa arakəsmə divarları və ümumi istifadə şaxta sahəsi belə satılır. 

Şikayətçimiz Həlimə Axundova problemlə bağlı məhkəməyə də müraciət edəcəyini bildirdi. 

Görünən odur ki, sakinlər belə MTK-ların qurbanına çevrilməmək üçün daha da diqqətli olmalıdırlar.

Vüsalə Nəciyeva 

Ətraflı süjetdə:

Today Press TV

tag: Zabrat,Ev,Aldadılma,Müraciət,Todaypress.tv,