1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?

1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir?
22.06.2026 15:52 Cəmiyyət

Son günlər yumurta bazarında müşahidə olunan dəyişikliklər insanlarda müxtəlif suallar doğurub. Yumurtanın qiymətinin birdən-birə kəskin ucuzlaşması istehsal və ixrac amilləri ilə əlaqələndirilir.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yumurtanın maya dəyərindən aşağı satılması iqtisadi baxımdan mümkün deyil və bu, quşçuluq təsərrüfatlarını ciddi zərərə, hətta iflasa apara bilər.


Onun sözlərinə görə, qiymət enişinin əsas səbəblərindən biri ixracın dayanmasıdır:

“Keçən il və bu ilin əvvəlində biz Amerikaya, Rusiyaya və digər ölkələrə yumurta ixrac edirdik. Hazırda isə bu ixrac dayandırılıb. Nəticədə daxili bazarda bolluq yaranıb və bu da qiymətlərin kəskin enməsinə gətirib çıxarıb”.

Ekspert əlavə edib ki, belə vəziyyət uzun müddət davam edə bilməz, çünki istehsalın maya dəyəri var və bazar qiymətləri bunun üzərində formalaşmalıdır.

“Əgər qiymətlər uzun müddət aşağı qalarsa, quşçuluq fermaları iflas edə bilər. Bu isə gələcəkdə daha ciddi nəticələrə, yumurtanın kəskin şəkildə bahalaşmasına səbəb ola bilər”, — deyə, Natiq Cəfərli bildirib.

O qeyd edib ki, hazırda yaranmış vəziyyətin tənzimlənməsi üçün müxtəlif mexanizmlərin tətbiqi mümkündür və bazarda tarazlığın bərpası vacibdir.

Həmçinin sosial şəbəkələrdə yumurtaların keyfiyyətsiz olduğu ilə bağlı da iddialar yayılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama nəzarət tədbirləri aparılır. Yoxlamalar zamanı uyğunsuzluq aşkarlanmayıb. Məhsullar baytarlıq arayışı və ekspertiza aktları ilə təmin olunub.

Xanım Musayeva

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər