Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı oldu

Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı oldu
17.03.2026 23:27 Mədəniyyət

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək "BuxarArt" sənət məkanının təqdimatı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyata keçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni yaradılan "BuxarArt" sənət məkanı İçərişəhərin mədəni həyatına töhfə verəcək.

Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslı təmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyata keçirildiyini deyib: "Görülən işlər zamanı abidənin orijinal memarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsas prioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçün müasir mühəndislik həlləri də tətbiq edilib".

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, bu məkan tarixən müxtəlif bölgələrdən gələn insanların görüşdüyü, yeni ticarət əlaqələrinin qurulduğu və xalqlar arasında münasibətlərin möhkəmləndiyi bir mərkəz kimi fəaliyyət göstərib. O bildirib ki, Buxara karvansarasının tarixi Özbəkistan və Azərbaycan xalqları arasında əsrlərə söykənən əlaqələrlə birbaşa bağlıdır.

Diplomat qeyd edib ki, tarixən Mərkəzi Asiyadan olan tacirlər Böyük İpək Yolu vasitəsilə regionlar arasında fəal şəkildə səyahət ediblər. Bakı isə bu marşrut üzərində mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub.

Daha sonra qonaqlar abidənin yenilənmiş siması ilə yaxından tanış olublar.

Bərpa və konservasiya işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malik Avstriyanın məşhur "Atelier Erich Pummer GmbH" şirkəti tərəfindən 3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.

Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.

Bununla yanaşı, "BuxarArt" yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi fəaliyyət göstərəcək. Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər. Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.

Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. "BuxarArt" özünəməxsus memarlıq üslubu və mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızın qonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinə çevriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Все новости