Yeni kompakt "powerbank" təqdim edildi
"Twelve South" şirkəti yolda cihazların təcili enerji ilə təmin olunması üçün nəzərdə tutulmuş "PowerClip" adlı yeni kompakt "powerbank" təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Notebookcheck" məlumat yayıb.
Qurğu 2000 mA/saat tutumlu batareya ilə təchiz olunub və daxili USB-C kabellərinə malikdir. "PowerClip" eyni anda iki cihazın — məsələn, smartfon və qulaqlığın enerji ilə doldurulmasını dəstəkləyir. Kabellərdən biri həm də powerbankın özünü doldurmaq üçün istifadə olunur.
Model “keçidli enerji doldurma” funksiyasını dəstəkləyir. Bu xüsusiyyət sayəsində istifadəçi eyni vaxtda həm "powerbank"ı, həm də ona qoşulmuş cihazı enerji ilə doldura bilir. Tam enerji yığılması iki saatdan az vaxt aparır. Batareyanın doluluq səviyyəsi LED indikatorlarla göstərilir.
"PowerClip" daxili ilgək və sink ərintisindən hazırlanmış çıxarıla bilən karabinlə təchiz edilib. Buna görə qurğunu çantaya və ya açarlığa bərkitmək mümkündür. Enerji doldurma gücü 5 vatt təşkil edir.
Şirkət bildirib ki, cihaz smartfonu tam doldurmaq üçün deyil, əsas enerji mənbəyinə çıxış əldə edilənədək qısa müddətli əlavə istifadə imkanı yaratmaq üçün nəzərdə tutulub.