Trampın "Bal ayı" qısa çəkdi: Reytinqlər "yerlə sürünür"

Trampın "Bal ayı" qısa çəkdi: Reytinqlər "yerlə sürünür"
24.04.2026 14:24 Təhlil

Seçicilərin əksəriyyəti Tramp administrasiyasının idarəçilik qabiliyyətinə şübhə ilə yanaşır.

Fox News telekanalının sifarişi ilə keçirilən sonuncu rəy sorğusu Amerika cəmiyyətindəki mövcud siyasi mənzərəni ortaya qoyub. Nəticələrə görə, seçicilərin 56%-i Donald Tramp administrasiyasının federal hökuməti idarə etmək üçün lazımi səriştəyə malik olmadığını düşünür. Bu qənaətə gələnlər arasında təkcə müstəqil seçicilər (70%) və demokratlar (90%) deyil, həm də respublikaçıların 20%-i yer alır. Xüsusilə, "MAGA" hərəkatına daxil olmayan hər 10 respublikaçıdan 4-ü administrasiyanın idarəçilik qabiliyyətini aşağı qiymətləndirir.

Ümumilikdə, respondentlərin yalnız 43%-i Ağ Evin fəaliyyətini qənaətbəxş hesab edir. Sosioloq Daron Şounun fikrincə isə, bu rəqəmlər əvvəlki administrasiyaların göstəricilərindən kəskin fərqlənmir. Məsələn, 2015-ci ildə Obama administrasiyası 44%, 2022-ci ildə isə Bayden administrasiyası 38% oxşar reytinqə malik olub.

ABŞ Prezidenti Donald  Trampın fəaliyyəti müxtəlif istiqamətlər üzrə dəyərləndirilərkən, seçicilərin ən çox narazı qaldığı məqamlar inflyasiya (72%), dövlət xərcləri (67%) və iqtisadiyyat (66%) olub. Hazırkı administrasiyanın yeganə müsbət reytinqi isə sərhəd təhlükəsizliyi (53%) sahəsində qeydə alınıb.

Administrasiyanın əsas fiqurları — vitse-prezident Cey-Di Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin də fəaliyyəti mənfi saldodadır. Onlar arasında ən yüksək daxili partiya dəstəyinə (84%) Vens sahibdir.

Şəxsi keyfiyyətlərə gəldikdə, respondentlərin 60%-i Trampın dövlət rəhbəri üçün lazımi xarakterə, 55%-i isə müvafiq zehni hazırlığa malik olmadığını bildirib. 2026-cı ilin aprel ayında keçirilən bu sorğu 1001 qeydiyyatdan keçmiş seçici arasında aparılıb və xəta payı ±3 faiz bəndi təşkil edir.

Yeni hakimiyyət üçün xarakterik olan "bal ayı" dövrünün qısa çəkdiyini demək olar. Seçicilərin 56%-nin idarəçilikdə qeyri-səriştəlik görməsi, cəmiyyətin gözləntiləri ilə Ağ Evin real addımları arasındakı uçurumun göstəricisidir. Xüsusilə inflyasiya və dövlət xərcləri ilə bağlı 70%-ə yaxın narazılıq onu göstərir ki, iqtisadi vədlər hələ ki, sıravi amerikalının cibində hiss olunmur.

İkincisi, respublikaçılar arasındakı daxili parçalanma administrasiya üçün ən böyük təhlükədir. "MAGA" qanadı ilə ənənəvi respublikaçılar arasındakı fikir ayrılığı Trampın Konqresdəki qanunvericilik təşəbbüslərinin öz partiyadaşları tərəfindən bloklanma riskini artırır.  Həmçinin, Marko Rubio və Pit Heqset kimi kilit nazirlərin aşağı reytinqi cəmiyyətin radikal kadr islahatlarını "təcrübəsizlik" kimi qəbul etdiyini təsdiqləyir.

Mövcud statistikadan çıxış edərək yaxın aylar üçün bir neçə ssenarini proqnozlaşdırmaq olar:

Administrasiya 28%-lik inflyasiya reytinqini qaldırmaq üçün yay aylarında daha kəskin iqtisadi qərarlar verməyə məcbur olacaq. Əgər enerji qiymətlərində real ucuzlaşma baş verməsə, payıza doğru Trampa ümumi dəstək 40%-in altına düşə bilər.

Sorğuda yeganə uğurlu sahə sərhəd təhlükəsizliyi (53%) olduğu üçün, Ağ Ev diqqəti iqtisadi problemlərdən yayındırmaq məqsədilə immiqrasiya mövzusunu daha aqressiv şəkildə gündəmdə saxlayacaq.

Yaxın Şərqdəki münaqişələrin idarə olunması və İyun ayında regionda baş verəcək siyasi proseslər Trampın xarici siyasət reytinqinə birbaşa təsir edəcək. Buradakı hər hansı uğursuzluq "güclü lider" imicinə ciddi zərbə vura bilər.

Nazirlərin reytinqləri düşməkdə davam edərsə, ilin sonuna doğru administrasiya daxilində "günah keçisi" axtarışı və bəzi yüksək vəzifəli şəxslərin istefası sürpriz olmayacaq.

Yekun olaraq, Tramp administrasiyası hazırda ciddi bir sınaq qarşısındadır. Sərhəd təhlükəsizliyindəki uğurlar hələlik dayaq nöqtəsi olsa da, iqtisadiyyatda sürətli dönüş yaranmasa, Ağ Evin idarəçilik qabiliyyəti daha kəskin şəkildə sorğulanacaq.

Jalə Rövşən

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News