Plutonun dumanı atmosferi soyudur – YENİ KƏŞF
Beynəlxalq astronomlar qrupu Plutonun səmasındakı dumanın planetin iqliminə təsir etdiyini aşkar edib.
TodayPress TV xəbər verir ki, tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Bundan əvvəl NASA-nın “New Horizons” missiyası 2015-ci ildə Plutonun 300 km yüksəklikdə üzvi hissəciklərdən ibarət çoxqatlı dumanla örtüldüyünü göstərib.
"James Webb" Kosmik Teleskopunun yeni müşahidələri bu dumanın gün ərzində istilik udduğunu, gecə isə geri yayaraq atmosferi -203°C-ə qədər soyutduğunu təsdiqləyib. Bu, əvvəlki hesablamalardan 30°C daha aşağıdır.
Alimlər bildirirlər ki, bu mexanizm erkən Yer, Triton və Titan kimi səma cisimlərində də mövcud ola bilərdi. Tədqiqat nəticələri ekzoplanetlərin iqlim modelləşdirilməsində də istifadə oluna bilər.
Türkan İsgəndərli