Şahin Mustafayev: “İran–Azərbaycan münasibətləri Prezidentlərin siyasi iradəsi ilə güclənir”

Xarici siyasət

10.02.2026 20:09

“İran–Azərbaycan münasibətlərinin davamlı inkişafı iki ölkə Prezidentlərinin siyasi iradəsinə əsaslanır və bu dialoq əməkdaşlığın genişlənməsinə ciddi təkan verir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

Şahin Mustafayev bildirib ki, İran-Azərbaycan münasibətlərinin sabit və yüksələn xətt üzrə inkişafı birbaşa hər iki ölkənin Prezidentləri — İlham Əliyev və Məsud Pezeşkianın güclü siyasi iradəsindən qaynaqlanır. Onun sözlərinə görə, son dövrlərdə yüksəksəviyyəli səfərlər və Prezidentlər arasında davamlı, konstruktiv dialoq ikitərəfli əlaqələrin dinamik inkişafına və əməkdaşlıq gündəliyinin genişlənməsinə mühüm impuls verib:

“Bu kontekstdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ötən ilin aprelində Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Həmin səfər ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar əlaqələri daha da möhkəmləndirib və qarşılıqlı maraq doğuran bütün sahələrdə praktiki tərəfdaşlığın dərinləşdirilməsi üçün əlverişli mühit yaradıb”.

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) daxilində sıx və səmərəli əməkdaşlıq edir. Bu baxımdan Məsud Pezeşkianın ötən ilin iyulunda Xankəndidə keçirilmiş 17-ci ECO Zirvə toplantısında iştirakı və Zirvə çərçivəsində Azərbaycan Prezidenti ilə görüşü ikitərəfli münasibətlərin və regional əməkdaşlığın müzakirəsi mühüm əhəmiyyət kəsb edib.

Baş nazirin müavini əlavə edib ki, liderlər arasında müntəzəm və yüksəksəviyyəli dialoq hökumət üzvləri və müxtəlif qurumlar arasında əlaqələrin dinamikasına müsbət təsir göstərib, Prezidentlər tərəfindən verilən tapşırıqların operativ və praktik icrasını təmin edib.

Qiymət Mahir

TodayPress TV

tag: İran,Azərbaycan,Şahin Mustafayev,Əməkdaşlıq,Todaypress.tv,