Ceyhun Bayramov: “Vaşinqtonda əldə olunan razılaşmalar regionda yeni geosiyasi reallıqlar yaradır”

Xarici siyasət

26.12.2025 15:35

“8 avqustda Vaşinqtonda baş tutmuş zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış birgə bəyanat və əldə olunan razılaşmalar regionda yeni geosiyasi reallıqların formalaşmasına, davamlı sülh və sabitlik üçün əlverişli şəraitin yaranmasına imkan verir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, sənədlərdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin əsas prinsiplərinin təsbit olunması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu razılaşmalar bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Ceyhun Bayramov qeyd edib ki, Vaşinqton sammiti Azərbaycan üçün daha bir mühüm nəticə ilə yadda qalıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının əsas hissə ilə maneəsiz əlaqəsinin təmin olunması barədə yeni razılaşma əldə edilib. Bu istiqamətdə beynəlxalq səviyyədə dəstək mexanizmlərinin formalaşdırılması regional inteqrasiyanı gücləndirəcək.

Nazir əlavə edib ki, əldə olunan razılaşmalar regional ticarət və nəqliyyat imkanlarının genişlənməsinə, sülh prosesinin institusional əsaslarla irəliləməsinə və Ermənistan–Azərbaycan münasibətlərində mövcud maneələrin aradan qaldırılmasına real zəmin yaradır.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,