Ceyhun Bayramov: “Azərbaycan müharibələr fonunda prinsipial xəttini qoruyur”

Xarici siyasət

26.12.2025 16:22

“Rusiya-Ukrayna müharibəsi açıq fazaya qədəm qoyduqdan sonra Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə balanslı və konstruktiv münasibətləri qoruyub saxlaya bilib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan hər zaman beynəlxalq hüququn tərəfində olub və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Onun sözlərinə görə, ölkəmiz prinsipial mövqeyini ardıcıl şəkildə qoruduğuna görə tərəflər də bu yanaşmanı anlayışla qarşılayıblar. Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın Rusiya ilə münasibətlərində yaranmış gərginlik müharibə ilə deyil, təyyarə qəzası ilə bağlı olub.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın Fələstinlə münasibətləri, bu ölkəyə göstərilən davamlı humanitar yardım və Fələstin dövlətinin hüquqlarının dəstəklənməsi ayrıca və mühüm mövzudur. Azərbaycan bu istiqamətdə də beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyur.

“Azərbaycan dünya ölkələri arasında İsraillə münasibətləri yüksək səviyyədə olan dövlətlərdən biridir. Bununla yanaşı, ölkəmiz bu məsələdə də prinsipial mövqeyindən geri çəkilmir və beynəlxalq hüququn tələblərinə sadiq qalır. Belə balanslı və prinsipial siyasəti həyata keçirmək asan deyil; əgər asan olsaydı, bütün dövlətlər bunu bacarardı. Hazırda həm Rusiya və Ukrayna, həm də həm İsrail, həm Fələstinlə eyni zamanda yaxşı münasibətlər saxlayan ölkələrin sayı çox azdır”, - deyə XİN rəhbəri əlavə edib. 

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,