Azərbaycan XİN 2025-ci ildə dezinformasiyaya qarşı mübarizədə hansı işləri görüb? - Ceyhun Bayramov CAVABLANDIRDI
Xarici siyasət
26.12.2025 17:40
“Xarici İşlər Nazirliyi dezinformasiya ilə mübarizəni məlumatın açıq, aydın və operativ şəkildə təqdim olunmasında görür. Çünki düzgün informasiya kifayət qədər çevik və vaxtında verilməlidir ki, dezinformasiyanın yayılmasının qarşısı alınsın”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında TodayPress TV-nin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, bu istiqamətdə 2025-ci il ərzində XİN tərəfindən sosial şəbəkələr üzərindən 3000-dən artıq paylaşım edilib. Onun sözlərinə görə, Azərbaycanın diplomatik missiyaları da bu prosesdə fəal iştirak edir və il ərzində səfirliklər vasitəsilə xarici ölkələrə 3000-ə yaxın müxtəlif məlumat göndərilib.
Ceyhun Bayramov qeyd edib ki, 36 ölkəni təmsil edən 500-ə yaxın media nümayəndəsi Azərbaycana səfər edib və onların əhəmiyyətli hissəsi işğaldan azad olunmuş ərazilərə gedərək yerində məlumatlanıb.
Nazir əlavə edib ki, dezinformasiya ilə bağlı daha bir ciddi problem “deepfake” texnologiyalarıdır. Bu cür saxta məzmunlar bəzən olduqca həssas vəziyyətlər yaradır. Onun sözlərinə görə, Azərbaycan bu məsələ ilə bağlı bir sıra digər ölkələrlə məsləhətləşmələr aparır və mövzu daim diqqət mərkəzində saxlanılır.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
