Zəfərin başlanğıcı: Milli Qurtuluş Günü

Təhlil

15.06.2025 10:00

“15 iyun Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir”. 

Milli Məclisin deputatı Mehriban Vəliyeva bunu TodayPress TV-yə danışarkən bildirib.

“1990-cı illərin əvvəllərində yaranmış xaos, qardaş qırğını və dövlətçiliyin süqut təhlükəsi Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə aradan qaldırıldı. O, Azərbaycan dövlətini və müstəqilliyini qorumağı, xalqı xilas etməyi qarşısına əsas məqsəd qoymuşdu”.

Deputat qeyd edib ki, Heydər Əliyev sovet dövründə də Azərbaycanın inkişafı üçün mühüm addımlar atıb:

“O, həyatı bahasına daim xalqı və milli maraqları müdafiə edib. 1987-ci ildə Sovet rəhbərliyinin siyasətinə etiraz olaraq istefa verməsi onun prinsipial mövqeyinin sübutudur. Bu istefadan sonra erməni millətçilərinin ərazi iddiaları başladı. Əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bu cür təxribatlara yol verilməzdi”. Ulu Öndərin Bakıya qayıdışı ilə ölkədə separatçılığın, aclığın, səfalətin qarşısı alındı. Gəncədə baş verən qiyamın yatırılması onun siyasi iradəsinin bariz nümunəsidir”.

Mehriban Vəliyeva əlavə edib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr əməliyyatlarında torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu siyasətin təntənəsidir. 15 iyun Azərbaycanın tərəqqi yoluna çıxmasının başlanğıcı, tariximizin şanlı, qürurlu səhifəsidir.

Qeyd edək ki, bu gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. 

Qiymət Mahir

tag: Milli Qurtuluş Günü,Mehriban Vəliyeva,Zəfər,Bayram,todaypress.tv,

photo