Bakı Enerji Həftəsi: Azərbaycanın enerji təhlükəsizliyindəki rolu
Təhlil
04.06.2025 17:42
“Bakı Enerji Həftəsi əhəmiyyətli tədbirdir və Azərbaycanın enerji sektorundakı yerini aydın şəkildə ortaya qoyur.”
Bu fikirləri politoloq Zeynal Əmrəliyev TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspert Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu dəyərləndirib:
“Hazırda Azərbaycan dünyanın bir çox regionu, xüsusilə də Avropa üçün önəmli enerji təchizatçısına çevrilib. Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycan Şərqi Avropa ölkələrinin enerji təminatında əsas tərəfdaşlardan biri olub. Bununla yanaşı, ölkəmiz strateji nəqliyyat dəhlizləri və mühüm telekommunikasiya qovşaqları üzərində yerləşir. Bütün bu faktorlar Azərbaycanın enerji sektorundakı əhəmiyyətini davamlı şəkildə artırır. Azərbaycan həm də “yaşıl enerji”yə keçid prosesində beynəlxalq miqyasda aparıcı təşəbbüskar ölkələrdən biridir. COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə ölkəmizin təqdim etdiyi təşəbbüslər, Azərbaycanın bu sahədə liderliyini bir daha təsdiqlədi”
Z.Əmrəliyev əlavə edib ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda iştirak edən dövlətlərin və transmilli şirkətlərin xüsusi diqqət mərkəzindədir:
“Belə tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq enerji gündəliyindəki yerini daha da möhkəmləndirir. Hazırda yeni layihələr üzərində də iş aparılır. Şərqdən Qərbə uzanan tranzit marşrutlarının genişləndirilməsi istiqamətində konkret addımlar atılır. Azərbaycanın yeni enerji layihələri bu tədbir çərçivəsində beynəlxalq qonaqların diqqətinə çatdırılır”.
Qeyd edək ki, iyunun 2-də Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bu il 30-cu dəfə keçirilən tədbir üç mötəbər platformanı 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Caspian Oil and Gas; 3-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – Caspian Power; 30-cu Yubiley Baku Energy Forumunu özündə birləşdirir.
Qiymət Mahir
tag: Zeynal Əmirəliyev,Politoloq,Bakı,Enerji,Həftəsi,Tədbir,Todaypress.tv,
