Türkiyəli professor: “Suriyadakı müxalif qüvvələr hökumətə qarşı çıxarsa, biz hərəkətə keçəcəyik”
Təhlil
13.08.2025 18:22
“Türkiyə qonşuları ilə münaqişədən yayınaraq məsələləri sülh və diplomatiya yolu ilə həll etmək niyyətindədir. PKK terror təşkilatının lideri Abdullah Öcalanın silahları buraxmaq çağırışına təşkilatın Türkiyədəki üzvləri əməl etməyə çalışsa da, Suriya Demokratik Qüvvələrinin (SDQ) bundan kənarda qalması qəbuledilməzdir”.
“Kafkassam” analitik mərkəzinin rəhbəri, professor Hasan Oktay bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın Suriya ilə bağlı son açıqlamalarını TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Türkiyə Bəşər Əsədin Əhməd əl-Şaraa tərəfindən devrilməsindən sonra Suriyadakı prosesləri diqqətlə izləyir və ölkədə ərazi bütövlüyünün, demokratiyanın, insan haqlarının, qanunun aliliyinin və konstitusiya quruluşunun qorunması prinsiplərini ardıcıl müdafiə edir.
Professorun sözlərinə görə, Suriyanın gələcəyi ilə bağlı Türkiyə və İsrail arasında rəqabət getdikcə güclənir:
“Ankara SDQ ilə birbaşa toqquşmaq yerinə mərkəzi hökumətin sabitliyini və ölkənin ərazi bütövlüyünü dəstəkləməyə üstünlük verə bilər. Lakin əgər SDQ rəhbəri Məzlum Abdi mərkəzi hökumətə qarşı hərəkət edərsə, Türkiyə qanuni təhlükəsizlik maraqları çərçivəsində İsrailin “Hizbullah”a qarşı həyata keçirdiyi əməliyyatlara bənzər genişmiqyaslı hərbi əməliyyat keçirmək imkanına malikdir”, - deyə H.Oktay fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında Suriyada normallaşma prosesinə qarşı regiondakı bəzi aktorların təxribat törətdiyini, ABŞ, Avropa və region ölkələri ilə bu istiqamətdə fikir mübadiləsi apardıqlarını vurğulayıb.
Aysel Mətləb
tag: Türkiyə ,PKK,Abdullah Öcalan,SDQ,Todaypress.tv,