Rusiya yenidən “hörümçək toru”na cavab hazırlayır? – AÇIQLANDI

Təhlil

10.06.2025 11:18

“Ukrayna kəşfiyyatının “hörümçək toru” diversiya əməliyyatı həqiqətən də səviyyəli əməliyyat idi. Buna ancaq yaxın əməliyyatla cavab verilməli idi. ABŞ hələ də Rusiyadan adekvat cavab gözləyir”. 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyadan cavab gözlənilsə də, Ukrayna ərazisində elə bir obyekt yoxdur ki, ona vurulan zərbə Ukraynanın vurduğu ziyana adekvat olsun:

“Ukraynanın həlledici hərbi zavodları və ya strateji obyektləri yoxdur. Rusiya ancaq yaşayış binalarını və ya dövlət idarələrinin yerləşdiyi məntəqələri vura bilər. Onsuz da yaşayış məntəqələri vurulur, dinc insanlar həlak olur. Amma qərar qəbul etmə mərkəzlərinin vurulması siyasi hadisədir və bu, gözlənilməz nəticələr doğura bilər. Ən azı Ukrayna tərəfi də məsələn, Kremli dronlarla vura bilər. Bu isə Rusiyanın imicinin tamamilə yox olması anlamına gələr. Ukrayna təhlükəsizlik xidmətinin binasının vurulması da Rusiyaya real heç nə verməz. Bunun üçün Rusiya taktiki nüvə silahından istifadə edərsə, onda adekvat cavab olar ki, bu da çox təhlükəli və qərar verilməsi çətin olan məsələdir. Nüvə silahı işlədilməsi bütün qırmızı cizgilərin keçilməsi olar. Onda Ukrayna da Rusiya ərazisindəki nüvə obyektlərini, atom elektrik stansiyalarını vura bilər. Bu da hər iki ölkə üçün apokalipsis kimi bir durum olar. Ona görə nüvə silahının tətbiqi mümkün deyil”. 

Analitik hesab edir ki, Rusiyadan yeni qeyri-adi cavab gözləmək lazım deyil. Rusiya rəhbərliyi heç nəyə baxmadan döyüş meydanında ciddi itkilər olsa belə, irəliləmək istəyir. Ona görə də gərgin durumu daha da gərginləşdirmək onların əleyhinə işləyir. Fikirləşirlər ki, necə olursa-olsun qalib olacaqlar. 

Ekspert rusların İkinci Dünya müharibəsindəki təcrübəsindən danışıb: 

“Müharibədə itkilər olur. İkinci Dünya müharibəsi dövründə Rusiyanın başına bu kimi hadisələr çox gəlib. Ona görə də ruslar bu barədə təcrübəlidirlər. ABŞ isə həmişəki kimi təhrikçi rolunu oynayır”.

Qeyd edək ki, ABŞ hesab edir ki, Rusiya “hörümçək toru” əməliyyatına cavabını hələ başa çatdırmayıb. Yaxın gələcəkdə “çoxtərəfli hücum”un mümkün olduğu bildirilir.

Qiymət Mahir

tag: Azər Qasımov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,

photo