Tbilisi "ikinci plan"a düşür: Gürcüstan narahatdır...

Təhlil

07.11.2025 13:04

Gürcüstanın Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili bildirib ki, Ermənistan–Azərbaycan–Türkiyə üzərindən yeni marşrutlar işə düşdükdən sonra Gürcüstanın tranzit yük dövriyyəsi 15–20% azalaraq təxminən 1,5–2 milyon ton itkiyə səbəb ola bilər. O, Gürcüstanın rəqabət qabiliyyətini qoruması üçün tarif siyasətini yeniləməyi, infrastrukturun inkişafını və daşıyıcılar üçün stimulların artırılmasını vacib sayır.

Maraqlıdır, Zəngəzur dəhlizinin açılması fonunda Gürcüstanın tranzit payını itirməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirəcəkmi və bu, bölgədə yeni nəqliyyat rəqabətini hansı istiqamətə daşıyacaq? Bu situasiya Azərbaycan-Gürcüstan əlaqələrinə necə təsir edə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın strateji seçimidir:


“Zəngəzur dəhlizinin açılması fonunda Gürcüstanın itkiləri Azərbaycan–Gürcüstan münasibətlərinə hər hansı bir neqativ təsir göstərə bilməz. Çünki bu, dövlətlərin öz maraqlarından qaynaqlanan iqtisadi prosesdir. Heç bir dövlət öz maraqlarını başqa bir dövlətin maraqları naminə qurban verməz. Necə ki, Azərbaycan da öz maraqlarını hər şeydən üstün tutaraq qarşıya qoyduğu hədəflərə doğru irəliləyir".

Onun sözlərinə görə, dəhliz Gürcüstana olduqca təhlükəli maliyyə itkiləri vəd edir:

"Ancaq Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası Gürcüstan üçün təbii ki, iqtisadi və maliyyə baxımından müəyyən zərbələr vəd edir. Bu, yalnız yüklərin Gürcüstan üzərindən daşınmasının azalması demək deyil, həm də Gürcüstanın maliyyə gəlirlərinin azalması anlamına gəlir. Gürcüstan Azərbaycanın hesabına – yəni Azərbaycanın nəqliyyat dəhlizləri və Gürcüstan üzərindən həyata keçirilən yükdaşımalar sayəsində – böyük miqdarda maliyyə gəlirləri əldə edir. Bu gəlirlər Gürcüstanın dövlət büdcəsində xüsusi, hətta həlledici paya malikdir".


Ekspert qeyd edib ki, Azərbaycan öz strateji maraqlarını qoruyur:

"Ancaq bu, o demək deyil ki, Azərbaycan öz maraqlarını Gürcüstanın dövlət büdcəsinin maliyyə gəlirləri üçün qurban verməlidir. Qətiyyən belə bir məsələ mövcud deyil. Təbii ki, rəsmi Tbilisi də bu reallığı anlayır. Sadəcə, geosiyasi, geoiqtisadi və geostrateji proseslər elə istiqamət alıb ki, hazırda Gürcüstan nəqliyyat-kommunikasiya dəhlizləri baxımından ikinci plana düşməyə başlayıb".


E.Xalidbəyli əlavə edib ki, Gürcüstanın tranzit qazancı, Ermənistanın işğal siyasətinin nəticəsi idi:  

"Əslində, indiyə qədər Gürcüstanın Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri hesabına böyük maliyyə vəsaitləri qazanmasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti idi. Əgər vaxtilə Bakı–Tbilisi–Ceyhan boru kəməri və digər enerji xətləri Gürcüstan üzərindən keçərkən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətində israrlı olmasaydı, həmin xətlərin böyük əksəriyyəti məhz Ermənistan ərazisindən keçə bilərdi. Ancaq Ermənistanın o dövrdəki hakimiyyət dairələri Azərbaycanla düşmənçilik siyasəti aparmaqla ölkəni faktiki olaraq böyük maliyyə vəsaitlərindən məhrum etdilər".

O, həmçinin Gürcüstanın qazandığı tranzit gəlirlərinin əhəmiyyətli hissəsinin gələcəkdə Ermənistana keçməsi ehtimalının gücləndiyini vurğulayıb:

"İndi Paşinyan hakimiyyəti bu səhvi düzəltməyə çalışır və Zəngəzur dəhlizinin açılması üçün müəyyən addımlar atmağa meylli olduğunu göstərir. Bu isə Zəngəzur dəhlizinin açılması nəticəsində hazırda Gürcüstanın qazandığı maliyyə gəlirlərinin müəyyən bir qisminin – həm də əhəmiyyətli hissəsinin – Ermənistana yönəlməsi ehtimalını artırır. Bu da tamamilə normal prosesdir".


Politoloq son olaraq əlavə edib ki, Zəngəzur dəhlizi münasibətləri pozmur, Gürcüstan sadəcə itkilərdən narahatdır:

"Buna görə Gürcüstanın Azərbaycana hər hansı irad bildirməsi və ya münasibətlərdə soyuma ehtimalı real deyil. Çünki Azərbaycanın öz maraqları var və Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycan və Naxçıvan arasında birbaşa əlaqənin bərpası strateji əhəmiyyət daşıyır.

Yəni bu baxımdan, Gürcüstan və Azərbaycan münasibətlərində hər hansı ciddi dəyişiklik baş verəcəyi ehtimalı çox zəifdir. Burada yeganə məqam ondan ibarətdir ki, Gürcüstan bu prosesdən məmnun deyil və zərər çəkən tərəfə çevriləcəyini artıq indidən görərək çıxış yolları axtarmağa çalışır". 

Jalə Rövşən

TodayPress TV

tag: Gürcüstan,Tranzit,Azərbaycan,Ermənistan,Todaypress.tv,