Qafqaz Rusiyadan qurtulmaq üzrə - Dərhal Azərbaycan, Ermənistan və Türkiyə birliyi qurulacaq
Ermənistan hökuməti Rusiyanın iştirakı olmadan Gümrü–Axurik–Akyaka (Qars istiqaməti) dəmir yolu xəttini və Erasx (Yerasx) qovşağını bərpa etməyə başlayacaq.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 24-də Şirak bölgəsində çıxışı zamanı deyib.
Türkiyə tərəfində işlərin artıq başladığı da qeyd olunub.
Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti lazım olan vəsaiti özü ayıracaq və xətt yenidən istifadəyə veriləcək.
Sözügedən Qars–Gümrü–Tiflis dəmir yolu hələ 1899-cu ildə tikilib və uzun illər Türkiyə ilə SSRİ arasında əsas dəmir yolu əlaqəsi olub. Qarabağ müharibəsindən sonra, 1993-cü ildən bu xətt bağlı qalıb. Erasx istiqaməti isə Ermənistanın Naxçıvan, Azərbaycan və Türkiyə ilə mümkün əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.
Burda əsas məsələ odur ki, Ermənistan bu prosesi Rusiyadan kənar şəkildə həyata keçirməyə çalışır. Çünki ölkənin dəmir yolları 2008-ci ildən Rusiya Dəmir Yollarının idarəçiliyindədir. Paşinyan bir müddətdir Moskvanı sərhəd hissələrinin bərpasında maraqlı olmamaqda ittiham edir. İndi isə hökumət layihəni öz hesabına həyata keçirməklə həm regional layihələrə qoşulmaq, həm də Rusiyadan asılılığı azaltmaq istədiyini göstərir.
Əgər layihə reallaşsa, Ermənistan üçün yeni ticarət və tranzit imkanları yarana bilər. Türkiyə ilə münasibətlərin normallaşması və regionda yeni nəqliyyat marşrutlarının açılması baxımından da bu addım diqqət çəkir.
Amma məsələ təkcə texniki işlərlə bitmir. Rusiya ilə münasibətlərdə gərginlik artacaq. Nəzərə alaq ki, Rusiya artıq Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması ilə bağlı xüsusi layihə hazırlayıb və onu dövriyyəyə buraxıb.
Digər tərəfdən, Erasx istiqamətinin açılması üçün Azərbaycanla siyasi razılaşma və qarşılıqlı etimad lazımdır. Bu olmadan layihənin tam işlək vəziyyətə gəlməsi mümkün deyil.
Paşinyanın son açıqlamaları da göstərir ki, İrəvan artıq bu məsələdə yalnız bəyanat verməklə kifayətlənmək istəmir və praktik addımlar atacaq. Paşinyan eyni zamanda daxili siyasi çəkişmələrlə də qarşı-qarşıyadır. Parlament seçkilərinə sayılı günlər qalıb. Revanşist qüvvələrin Rusiya tərəfindən dəstəyi bu qatar yolunun bərpası məsələsində daha da arta bilər. Rusiya- Ermənistan çənbəri günü-gündən daralır.
Jalə Rövşən