Prezidentin tarixi mesajı İrəvanı çalxaladı: “Göyçə faktı” Revanşistlərin siyasi təzyiq bəhanəsi oldu

Təhlil

04.11.2025 16:51

Prezident İlham Əliyev AMEA-nın 80 illik tədbirində çıxışı zamanı qeyd edib ki, XX əsrin əvvəllərinə aid çar Rusiyası xəritələrində indiki Ermənistan ərazisindəki toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir — o cümlədən Sevan gölünün tarixi adı Göyçə gölü kimi göstərilib.

Bu bəyanat Ermənistanda rezonans doğurub, erməni mediası çıxışı “ərazi iddiası” kimi təqdim edib. Halbuki Prezidentin sözləri Azərbaycanın tarixi həqiqətləri xatırlatmaq və milli yaddaşı gücləndirmək məqsədi daşıyır.

Maraqlıdır, Prezident İlham Əliyevin tarixi faktlara əsaslanan bu bəyanatının Ermənistanda belə reaksiya doğurması nədən qaynaqlanır? Bu, daxili siyasi manipulyasiya məqsədi daşıyırmı?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Prezidentin tarixi vurğuları Ermənistanda əsassız təlaş yaradıb:

"Cənab Prezidentin Akademiyanın yubileyində bir neçə tarixi məqama aydınlıq gətirməsi maraqlıdır ki, Ermənistanda ajiotaj doğurdu. Halbuki Prezident sadəcə tarixi faktları vurğulayıb".

Politoloq qeyd edib ki, Prezidentin xatırlatdığı toponimlər iddia deyil, tarixdir:

"Azərbaycan və Ermənistan ərazilərindəki toponimlərin Azərbaycan mənşəli olması danılmaz həqiqətdir və bu adlar sonradan erməni formaları ilə əvəzlənib, təhrif edilib". 

Ekspert əlavə edib ki, Ermənistandakı narahatlıq real səbəbdən yox, revanşistlərin siyasi manipulyasiyasından qaynaqlanır: 

"Xatırladaq ki, 2022-ci ilin oktyabrında Azərbaycan və Ermənistan liderlərinin arasında qarşılıqlı ərazi bütövlüyünün tanınması barədə sənəd imzalanıb. Həmçinin 8 avqustda paraflanmış sülh mətni də ikitərəfli ərazi bütövlüyünün tanınması deməkdir. Prezidentin söylədikləri sadəcə tarixi faktlardır və Ermənistanın bu məsələdə narahatlıq keçirməsi üçün real əsas yoxdur. Bu reaksiyanı daha çox Ermənistandakı revanşist qruplar manipulyasiya edir və bunu Baş nazir Nikol Paşinyana qarşı Azərbaycandan “ərazi iddiası” kimi təqdim etməyə çalışırlar".

M.Əsədullazadə həmçinin vurğulayıb ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu məsələdə hər hansı problemin olmadığını bildirib: 

"Prezident qeyd etmişdi ki, azərbaycanlılar Ermənistana tankla deyil, avtomobillə qayıdacaqlar. Ermənistan siyasi hakimiyyəti də bu yanaşmanı qəbul edir. Bu səbəbdən, düşünmürəm ki, burada hər hansı problem və ya siyasi böhran yaratmağa əsas var. Sadəcə revanşist qruplar bundan istifadə edərək Paşinyana təzyiq göstərməyə çalışırlar". 

Jalə Rövşən

tag: Prezident,İlham Əliyev,AMEA,Ermənistan,Todaypress.tv,

photo