Prezidentin birgəyaşayışa dəvət çağırışı — “Ermənistan xalqı qorxmamalıdır!”
Təhlil
04.11.2025 18:49
“Prezident İlham Əliyevin “azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır” fikri həm strateji, həm də siyasi baxımdan çox mühüm əhəmiyyət daşıyır”.
Politoloq Tamilla Qulami bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, bu bəyanat tarixi ədalətin bərpası və azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması istiqamətində atılmış prinsipial addımdır:
“Prezidentin bu mesajı yalnız humanitar aspekt daşımır, həm də regionda formalaşan yeni siyasi və ideoloji mühitin göstəricisidir. Azərbaycan xalqı 1988-ci ildən başlayaraq üç il ərzində indiki Ermənistan ərazisində yerləşən qədim yurdlarından – Zəngəzur, Göyçə və İrəvan bölgələrindən zorla köçürülüb. Bu fakt beynəlxalq hüquq baxımından insanların doğma torpaqlarına qayıtmaq hüququnun pozulması deməkdir. Dövlət başçısının bəyanatı həmin hüququn bərpasına çağırış və bu məsələnin beynəlxalq səviyyədə legitimliyinin təsdiqidir”.
Ekspertin sözlərinə görə, İlham Əliyevin fikirləri həm də Azərbaycanın regionda aparıcı siyasi güc kimi rolunu bir daha nümayiş etdirir:
“Bu bəyanat göstərir ki, Azərbaycan artıq Cənubi Qafqazda prosesləri tənzimləyən, sülh və sabitliyin əsas təminatçısı olan dövlətdir. Prezidentin çağırışı Ermənistana təhdid deyil, əksinə, qarşılıqlı təhlükəsizlik və sülh şəraitində birgəyaşayışa dəvətdir”.
Tamilla Qulami əlavə edib ki, azərbaycanlıların tarixi torpaqlarına qayıdışı nə demoqrafik, nə də siyasi təzyiq vasitəsi kimi nəzərdə tutulur:
“Prezidentin mövqeyi ondan ibarətdir ki, bu proses yalnız normal qonşuluq münasibətləri çərçivəsində və qarşılıqlı etimad mühitində həyata keçirilə bilər. Bu fikir həm də Ermənistan cəmiyyətində uzun illər formalaşmış qorxu və təbliğat stereotiplərinin aradan qaldırılmasına xidmət edir. Azərbaycanın sülh təşəbbüsləri və postmüharibə dövründə atdığı addımlar göstərir ki, məqsəd bölgədə davamlı sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsidir”.
Analitik sonda diqqətə çatdırıb ki, prezidentin bu bəyanatı həm siyasi, həm də mənəvi baxımdan regionun gələcəyi üçün yol xəritəsi rolunu oynayır.
Qeyd edək ki, noyabrın 4-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bu fikirləri səsləndirib:
“Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq".
Qiymət Mahir
tag: Prezident ,İlham Əliyev,Ermənistan,Tamilla Qulami ,Todaypress.tv,
