İrəvan Moskvaya "YOX" dedi: “Tramp marşrutu”nda regionun maraqları toqquşur

Təhlil

16.12.2025 18:07

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, İrəvan “Tramp marşrutu” layihəsi ilə bağlı Rusiya ilə heç bir müzakirə aparmır və Moskvanın bu istiqamətdə iddialarını rədd edir. O, Rusiya XİN-in “kömək etməyə hazırıq” açıqlamasına ironik münasibət bildirib. Rubinyan eyni zamanda qeyd edib ki, İranın Ali Lideri Seyd Əli Xameneinin müşavirinin bəyanatları Tehranın rəsmi mövqeyini əks etdirmir; İran XİN marşrutu problem deyil, fürsət kimi dəyərləndirir və Ermənistanın mövqeyi də buna uyğundur.  


Bəs  İrəvanın “Tramp marşrutu” məsələsində Moskvanı açıq şəkildə kənarda qoyması münasibətləri daha da gərginləşdirə bilərmi? İranın bu məsələdə mövcud mövqeyi necə dəyərləndirilə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fuad Heydər bildirib ki, Vaşinqton görüşündən sonra Moskvanın Ermənistan proseslərindən kənarda qaldığı görünür:

"Vaşinqtonda baş tutan görüşdən sonra Ermənistanla bağlı proseslərdə Moskvanın kənarda qalması faktoru açıq şəkildə görünür. Çünki Ermənistan artıq uzun müddətdir dərin iqtisadi və siyasi tənəzzül dövrünə qədəm qoyub. Ölkə iqtisadiyyatı faktiki olaraq çökmək üzrədir, hərbi potensial isə demək olar ki, sıfıra enib".


Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində Rusiya faktoru uzun illər əsas maneə olub. Rusiya bu mövzuda indiyədək real həll ortaya qoymayıb və mövcud yanaşmalara baxdıqda, bundan sonra da konstruktiv mövqe tutacağı gözlənilmir. Hazırkı mərhələdə Moskva bu məsələyə həm əvvəllər müdaxilə edib, həm də prosesin sonuna qədər təsir göstərməyə çalışacaq.


Analitik qeyd edib ki, İran bu prosesin Azərbaycanın mövqeyini gücləndirəcəyindən narahatdır:

"İranın mövqeyi də bu kontekstdə diqqət çəkir. Tehran Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını istəmir. Çünki münasibətlər bərpa olunduğu təqdirdə Azərbaycan regional xətt üzrə daha da güclənəcək, bununla paralel olaraq Ermənistan iqtisadiyyatı da canlanacaq və iki ölkə arasında əməkdaşlıq mühiti formalaşacaq".

O, əlavə edib ki, bu münaqişə təxminən 30 il davam etdi. 44 günlük Vətən müharibəsindən sonra isə beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa ölkələrinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ilə proses yeni mərhələyə qədəm qoydu.

Ekspert vurğulayıb ki, sülh və normallaşma prioritetdir, iqtisadi addımlar isə bunu möhkəmləndirir: 

"İranın ali rəhbərliyinin müşavirlərinin verdiyi bəyanatlar bu baxımdan həlledici əhəmiyyət daşımır. Burada əsas məsələ iki ölkə arasında münasibətlərin bərpası və davamlı sülhün təmin olunmasıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması təbii prosesə çevriləcək. 


Bu kontekstdə Dehlidə Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin açıqlamaları da diqqətəlayiqdir. Onun sözlərinə görə, Ermənistana yanacaq və neft məhsullarının tədarükü ilə bağlı qərar qəbul edilib. Son dövrlərdə mətbuatda taxıl tədarükü məsələsi də müzakirə olunur. Əgər tərəflər sülhə doğru irəliləyirsə, bu cür addımların atılması məntiqlidir".


F.Heydərin fikrincə, buna baxmayaraq, Moskvanın ümumi mövqeyi mənfidir. Çünki Cənubi Qafqaz regionu tədricən Rusiyanın nəzarətindən çıxır. Bu isə Moskvanın maraqlarına uyğun deyil. Əvvəllər Qarabağ faktoru Rusiyanın əsas təzyiq aləti idi, lakin bu gün həmin mexanizm artıq işləmir. Ortada müstəqil və güclü Azərbaycan dövləti var.

"Azərbaycanın Ermənistanla paralel şəkildə münasibətləri bərpa etməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. İran hesab edir ki, bu proseslərdən sonra Azərbaycan regional hədəflərinə doğru daha inamla  irəliləyə bilər".

Politoloq sonda əlavə edib ki, bu istiqamətdə müxtəlif maneələr yaratmaq cəhdləri olacaq, prosesə zərər vurmaq istəyən qüvvələr ortaya çıxacaq. Lakin Vaşinqton görüşündən sonra formalaşan ümumi mənzərə göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində proses stabil şəkildə davam edir.   

Jalə Rövşən

 TodayPress TV

tag: Fuad Heydər ,Ruben Rubinyan,Moskva,“Tramp marşrutu”,Todaypress.tv,