“İlk növbədə Amerika”: Trampın yeni şərti Kreml üçün nəyi dəyişəcək?

Təhlil

31.07.2025 15:53

Xarici medianın yaydığı məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp bir müddət öncə Ukraynanın işğal olunmuş Luqansk, Donetsk Zaporojya və Xerson vilayətlərinin Rusiyada qalması ilə razı olub. Tramp Krımı da de-yure Rusiya ərazisi kimi tanımağa hazır olub. Kreml isə hər şeyi istəyib. Tramp son təzyiqlərlə və yeni tariflərlə ümid edir ki, onun təzyiqi altında Moskva nəhayət nəyəsə razı olacaq. Məsələn, Luqansk və Donetsk və Zaporojye tamamilə və Xerson yalnız Dneprin sağ sahili boyunca Rusiyada qala bilər. Digər variant isə odur ki, Rusiya Donetskin nəzarət etmədiyi hissəsindən iddialarını geri çəkəcək.  

Politoloq Tural İsmayılov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu ssenari baş verərsə, Ukrayna müharibəsinin taleyində yeni, lakin daha mürəkkəb və riskli mərhələ başlaya bilər. 

O vurğulayıb ki, Donald Trampın ikinci prezidentlik dönəmi geosiyasi mənzərəni dəyişə biləcək ciddi qərarlarla yadda qala bilər. Onun sözlərinə görə, Tramp administrasiyasının Ukrayna-Rusiya müharibəsinə yanaşması əvvəlki hakimiyyətlə müqayisədə daha praqmatik və sərt xəttə əsaslanır. 

Politoloq hesab edir ki, bu, Trampın Moskva ilə gizli razılaşmaya getməsi ehtimalını artırır. 

“Əgər bu məlumatlar təsdiqlənərsə, ABŞ-nin Ukraynaya verdiyi dəstəkdə ciddi dəyişiklik baş verə bilər. Trampın strategiyası "təzyiq-tarazlıq" prinsipinə əsaslanır. Yəni o, iqtisadi tariflər və siyasi təzyiqlərlə Moskvanı güzəştə getməyə məcbur edir. Lakin Kremlin indiki mövqeyi belə kompromisləri qəbul etməyə meyilli olmadığını göstərir” 

Ekspertin fikrincə, bu, Trampın “ilk növbədə Amerika” siyasətinin beynəlxalq versiyasıdır.

Aysel Mətləb

tag: Prezidenti Donald Tramp,Rusiya,Putin,Müharibə,Ukrayna,Ərazi,Tural İsmayılov,Politoloq,Todaypress.tv,

photo