“Epşteyn”qalmaqalının arxasındakı GİZLİ GÜC: Putin, yoxsa MOSSAD?
Təhlil
02.02.2026 16:20
Tədqiqatçı İlqar Altayın iddiasına görə, “Epşteyn işi” təkcə cinayət qalmaqalı deyil, KQB–FSB xətti ilə idarə olunan və Putinə qədər uzanan geniş kəşfiyyat əməliyyatı olub.
Maraqlıdır, bu iddia nə dərəcədə realdır?
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov TodayPress TV-yə danışıb.

O bildirib ki, hazırda bu suala konkret cavab vermək çətindir:
“Birincisi, məxfi orqanların fəaliyyəti özlərinə məxsus və bağlıdır. Onlara açar tapa biləcək insanların sayı çox azdır. İkincisi, dünyada fəaliyyət göstərən casus təşkilatları, xüsusi xidmət orqanları və təhlükəsizlik qurumları bir-biri ilə əlaqəlidir. Yeri gələndə sövdələşir, yeri gələndə alver edir, yeri gələndə bir-birinə dəstək göstərirlər. Aralarında koordinasiya, informasiya mübadiləsi və əməkdaşlıq layihələri var. Bu, sirr deyil”.
Analitik qeyd edib ki, “Epşteyn işi” Mossad tərəfindən idarə olunan kəşfiyyat əməliyyatı olub:
“Epşteyn işi” başdan-ayağa İsrailin Mossad kəşfiyyatı ilə birbaşa bağlı olub. Epşteyn heç vaxt həqiqi milyoner olmayıb, sadəcə ona qondarma milyoner statusu verilib, maliyyələşdirilib və müəyyən adada qonaqlarını qəbul etməsi üçün şərait yaradılıb. Beləcə, qonaqlar getdikdən sonra foto və videolar, kompromat dosyeləri İsrail kəşfiyyatının əlində toplanıb”.
Ekspert vurğulayıb ki, bu, çox iyrənc bir gedişatdır və İsrail kəşfiyyatının əməliyyatlarını hansı səviyyədə keçirdiyini göstərir:
“Məsələn, İran beynəlxalq birlik tərəfindən tam təqdir olunmayan bir sistem qurub və 90 milyonluq xalqa rəhbərlik edir. İsrailin və ya Donald Trampın ixtiyarı yoxdur ki, İranın rəhbərlərini aradan götürsün və vəziyyəti dəyişdirsin”.
Onun qənaətincə, bütün bunlar hakim dairələrin əsasən xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğunu, müxtəlif əməkdaşlıq və təxribatyönlü layihələr həyata keçirdiyini göstərir. Ona görə də yalnız xüsusi xidmət orqanlarının mənbələrinə çıxışı olan şəxslər bu məsələlərə dəqiq cavab verə bilərlər.
Qeyd edək ki, Ceffri Epşteyn (Jeffrey Epstein) (1953–2019), amerikalı maliyyəçi və azyaşlıların cinsi istismarı üzrə məhkum edilmiş şəxsdir. O, yüksək səviyyəli siyasi və elita dairələri ilə əlaqələri, həmçinin yaratdığı cinsi istismar şəbəkəsi ilə dünya gündəminə gəlib. Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında cinsi insan alveri ittihamı ilə məhkəməni gözləyərkən intihar edib.
Onun əsas şəriki hesab olunan Gizleyn Maksvel (Ghislaine Maxwell) isə hazırda 20 illik həbs cəzasını çəkir. ABŞ Ədliyyə Nazirliyi, cinsi cinayətkar Ceffri Epşteynə aid milyonlarla səhifəlik sənəd, video və fotoşəkili ictimaiyyətə təqdim edərək illərdir davam edən gizliliyi böyük ölçüdə aradan qaldırıb.
Jalə Rövşən
tag: Tofiq Abbasov,Politoloq,Ceffri Epşteyn,Cinayət,Todaypress.tv,
