Dünyada danışılan təcrübə: Azərbaycan Ordusundan nümunə!
Təhlil
26.06.2025 16:15
"Azərbaycan Ordusunun Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında tətbiq etdiyi yeni döyüş metodları bu gün dünyanın bir çox ölkələri tərəfindən öyrənilir və təhlil olunur".
Hərbi ekspert Ədalət Verdiyev bunu TodayPress TV-yə danışarkən deyib.
O, Azərbaycan Silahlı Qüvvələrin yaradılmasından bəhs edib:
"SSRİ-nin süqutundan sonra müstəqilliyini yenicə bərpa edən Azərbaycan Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul etdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ordu quruculuğuna xüsusi önəm verildi, bu sahədə ardıcıl və məqsədyönlü addımlar atıldı. Pilləli hərbi təhsil sistemi yaradıldı, Xüsusi Təyinatlı Qüvvələr məhz onun sərəncamı ilə formalaşdırıldı. Nəticədə Azərbaycan regionda güc balansında Ermənistan üzərində üstünlük əldə etdi və bu balans tədricən ölkəmizin xeyrinə dəyişməyə başladı".
Ekspert qeyd edib ki, bu uğurlu xətt bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Horadiz əməliyyatından sonra, 1994-cü ildən bəri Ermənistan ordusu bir dəfə də olsun Azərbaycana qarşı uğurlu hərbi əməliyyat həyata keçirə bilməyib. Bu, danılmaz faktdır. Azərbaycan Ordusu isə Horadizdən sonra bir sıra mühüm əməliyyatlar keçirib ki, onların da nəticələri Ermənistan üçün ağır olub.
Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında tətbiq etdiyi yeni döyüş metodları bu gün dünyanın bir çox ölkələri tərəfindən öyrənilir və təhlil olunur".
Ə. Verdiyev sonda 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib, uğurlar arzulayıb.
Qiymət Mahir
tag: Azərbaycan,Ordu,Müstəqillik,Silahlı Qüvvələr,Ədalət Verdiyev,Todaypress.tv,
