İrəvanın növbəti OYUNU: Ermənistan Fələstin mədəni irsini "qoruyacaq"
Təhlil
02.08.2025 14:00
"Fələstin əraziləri tarixən erməni icmasının yaşadığı bölgələrdən biri olub və bu tarixi bağlılıq Ermənistan-Fələstin münasibətlərini izah edir".
Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.
Siyasətçi diqqətə çatdırıb ki, ermənilər əsasən Yaxın Şərq toplumunun bir hissəsi kimi Fələstində daha çox kompakt şəkildə məskunlaşıblar:
"Digər tərəfdən, Qüdsdəki dörd əsas məhəllədən biri erməni məhəlləsidir. Həmin ərazidə Osmanlı dövründən miras qalan muxtar statuslu erməni kilsəsi fəaliyyət göstərir. Bütün bunları nəzərə aldıqda, Ermənistan ilə Fələstin arasında münasibətlərin mövcudluğu başadüşüləndir".
K.Sultanlı eyni zamanda qeyd edib ki, bir vaxtlar Türkiyə və İsrail arasında əməkdaşlığa qarşı olaraq ASALA terror təşkilatı ilə Fələstin qrupları arasında müəyyən əlaqələr və əməkdaşlıq qurulub. Hətta ASALA Fələstin ərazisində sığınacaq əldə edib və orada müxtəlif şəxslərin toplanmasında iştirak edib. Bu faktlar göstərir ki, iki icma və xalq arasında tarixi əməkdaşlıq mövcuddur.
Analitik əlavə edib ki, Azərbaycan ilə İsrail arasında dərin strateji əməkdaşlıq Ermənistanı narahat edir:
"Ermənistan bu narahatlığa cavab olaraq, həm Azərbaycan-Fələstin münasibətlərini gərginləşdirməyə çalışır, həm də beynəlxalq gündəmdə formalaşan Fələstin məsələsinə uyğun mövqe sərgiləməyə cəhd göstərir. Buna baxmayaraq, Fələstin administrasiyası Azərbaycanla münasibətlərində beynəlxalq hüququn prinsiplərini əsas tutur və Bakı ilə əlaqələrə xüsusi önəm verir. Bu münasibətlər eyni zamanda Azərbaycanın İslam dünyasında artan nüfuzu ilə də əlaqələndirilir".
Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxışında deyib ki, Fələstinlə əldə edilən razılaşmaya əsasən, nəsli kəsilməkdə olan Fələstin mədəni irsi Ermənistandakı Matenadaran Qədim Əlyazmalar İnstitutunda müvəqqəti olaraq qorunacaq.
Qiymət Mahir
tag: Kamran Sultanlı,Politoloq,Ermənistan,Fələstin,Todaypress.tv,
