Aİ-nin Ermənistandakı missiyası bir daha ifşa olundu...

Təhlil

11.06.2025 18:51

"Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşdirdiyi müşahidə missiyası regionda sülhün və sabitliyin təmin olunmasından çox, gərginliyi artıran amilə çevrilib".

Politoloq Zaur İbrahimli bunu TodayPress TV-yə danışarkən deyib.

O xatırladıb ki, 2022-ci ildə Azərbaycan, Ermənistan tərəfindən gələn əsassız iddiaların qarşısını almaq və sülh niyyətini nümayiş etdirmək məqsədilə, Aİ-nin 40 nəfərlik müşahidə missiyasının müvəqqəti yerləşməsinə razılıq vermişdi.

"Bu addım, Ermənistanın beynəlxalq platformalarda apardığı “Azərbaycan yenidən müharibəyə başlayacaq” təbliğatını puç etmək məqsədi daşıyırdı. Lakin 2023-cü ilin əvvəlində vəziyyət dəyişdi. İttifaq Azərbaycanın razılığı olmadan, Ermənistanın təklifi ilə müşahidə missiyasını 2 illik müddətə yerləşdirdi və bu müddət daha sonra 2027-ci ilə qədər uzadıldı. Artıq 200 nəfərlik bu missiyaya Kanada nümayəndələri də daxil edilib və müxtəlif mənbələrdə onların bölgədə kəşfiyyat xarakterli fəaliyyət apardıqları barədə iddialar səslənir. Müşahidəçilərin əksəriyyətinin keçmiş hərbi qulluqçular və xüsusi təyinatlılardan ibarət olması da bu narahatlıqları gücləndirir”.

Analitikin sözlərinə görə, bu missiyanın fəaliyyəti, mandatının qeyri-müəyyənliyi və tərkibinin spesifikliyi narahatlıq doğurur. Çünki missiyaya rəhbərlik edən şəxs Fransanın jandarm sistemindən çıxmış keçmiş hərbi qulluqçudur və faktiki olaraq müşahidə missiyası Avropa İttifaqından çox Fransanın nəzarətində fəaliyyət göstərir. Bu isə obyektivlik və tərəfsizlik məsələsində ciddi suallar yaradır.

“Müşahidə missiyası artıq legitimliyini itirib. Həmçinin Azərbaycan ictimaiyyətində müşahidə missiyasının fəaliyyətinə qarşı artan narahatlıq da təsadüfi deyil. Bu missiyanın Azərbaycan ərazilərini açıq şəkildə binoklla müşahidə etməsi cəmiyyətdə qıcıq doğurur və missiyanın obyektivliyi ilə bağlı şübhələri artırır. Daha da narahatedici məqam isə odur ki, müşahidə missiyasının fəaliyyəti regionda tərəflər arasında yaranmış kövrək etimad mühitini təhlükə altına alır. Əgər bu missiyanın hesabatları birtərəfli şəkildə hazırlanarsa, bu, illərlə əldə edilən razılaşmaların puç olmasına səbəb ola bilər. Həm Ermənistan rəhbərliyi, həm də Aİ bu müşahidə missiyasının regionda etimad mühitinə zidd fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır və bu məsələyə aydınlıq gətirməlidirlər".

Politoloq bildirib ki, müşahidə missiyasının kəşfiyyat fəaliyyəti ilə bağlı yayılan məlumatlara İttifaq indiyə qədər nə konkret təkzib, nə də sübutlarla cavab verib. Belə bir şəraitdə müşahidə missiyasının Ermənistanda qalması, regionun digər ölkələri tərəfindən də öz maraqları üçün istifadə olunmaqda davam edir:

"Aİ sülh və sabitlikdə həqiqətən maraqlıdırsa, bu missiyanın fəaliyyəti dərhal dayandırılmalı, ya da mandatı tam aydınlaşdırılmalı və şəffaf şəkildə yenidən formalaşdırılmalıdır. Əks təqdirdə, bu missiya regionda etimad quruculuğu yox, daha çox geosiyasi intriqaların alətinə çevriləcək", - deyə Zaur İbrahimli fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov ölkəsinin Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur. Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər.

Töhfə Səməd

tag: Missiya,Aİ,Ermənistan,Rusiya,todaypress.tv,

photo