Azərbaycan qazının Suriyaya nəqli nə vəd edir? - Deputat AÇIQLADI
Təhlil
02.08.2025 11:00
"Bu gün Azərbaycan qazı Suriyaya nəql ediləcək. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq. Bunadək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi".
TodayPress TV xəbər verir ki, bunu Milli məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək:
"Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kub metrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Suriya Azərbaycan qazından istifadə etməklə daxilii elektrik enerjisi təminatını 2 dəfəyə yaxın yaxşılaşdıra biləcək. Suriyanın enerji təlükəsizliyinə töhfə vermək Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır".
Parlamentarinin sözlərinə görə, regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhfə verən təşəbbüslərdən biri məhz Cənub Qaz Dəhlizinin reallaşması olub:
"Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən, Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyə, Avropa və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyinin daha da güclənməsinə nail oluna bilindi.
Bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsilə öz enerji təhlükəsizliyini gücləndirəcək".
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Qaz,İxrac,Suriya,Todaypress.tv,
