Putin Avropa Şurası ilə əlaqələri qırır: İtirən kim olacaq?
Təhlil
11.09.2025 17:18
"Rusiya Prezidenti Vladimir Putin Qərbə ziyan vurmaqdan çox, Qərbin onun üzərindəki təzyiq alətlərini əlindən alır".
Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib.
"Putindən Qərbə mesaj"
Onun sözlərinə görə, Putinin “İşgəncənin və qeyri-insani, və ya ləyaqəti alçaldan rəftarın, və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasından çıxmaq üçün Dövlət Dumasına layihə təqdim etməsi, əslində, simvolik olsa da, dərin siyasi mesaj daşıyır:
“Birincisi, bu addım Rusiyanın Avropa Şurası ilə hüquqi və institusional əlaqələrinin tam qırılması deməkdir. Moskva faktiki olaraq bəyan edir ki, artıq Qərbin qəbul etdiyi universal hüquqi prinsiplərə bağlı qalmaq öhdəliyini istəmir. Bununla Kreml daxili auditoriyaya göstərir: “Biz Qərbin standartlarına tabe deyilik, öz qaydalarımızla yaşayırıq”.
Əslində, bu addım Avropa üçün daha çox siyasi itkidir. Çünki Rusiya üzərində beynəlxalq hüquqi nəzarət, işgəncələrə dair hesabatların hazırlanması və təzyiq mexanizmləri formal olaraq ortadan qalxır. Avropa İttifaqı və Avropa Şurası bundan sonra Rusiyaya qarşı insan haqları arqumentlərini daha zəif formada istifadə edə biləcək. Amma Avropa dövlətləri onsuz da Ukrayna müharibəsindən sonra Rusiyanı “izolyasiya olunmuş rejim” kimi qəbul edirdilər. Yəni praktik təsir çox da böyük deyil.
Üçüncüsü, Putin hesab edir ki, bu addımla Qərbə “biz sizdən tam kənarlaşırıq” mesajı verəcək. Onun düşüncəsinə görə, Qərb onu işgəncə və insan haqları ilə ittiham edirdi, indi isə bunun üçün hüquqi zəmin də qalmayacaq. Başqa sözlə, Kreml özünə qarşı beynəlxalq mexanizmləri bağlayır və gələcəkdə ölkə daxilində sərt repressiyalar üçün “hüquqi azadlıq” qazanır”.
"Dünya bununla da dağılmır..."
Analitik siyasi məntiqi belə izah edib:
“Putin Qərbə ziyan vurmaqdan çox, Qərbin onun üzərindəki təzyiq alətlərini əlindən alır”.
T.İsmayılov bunun həm də digər postsovet ölkələrinə mesaj olduğunu bildirib:
“Avropa institutlarından qopmaq mümkündür, dünya bununla da dağılmır”.
Ekspert sonda əlavə edib ki, Avropa Konvensiyasından çıxış daha çox Rusiya daxilinə və Putin hakimiyyətinin özünü qoruma mexanizminə hesablanıb. Avropaya real ziyan verməsə də, beynəlxalq hüququn nüfuzuna ağır zərbədir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının müzakirəsinə “İşgəncənin və qeyri-insani, və ya ləyaqəti alçaldan rəftarın, və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasının ləğvi barədə qanun layihəsi təqdim edib.
Sənəd Avropa Şurasının üzvləri tərəfindən 1987-ci il noyabrın 26-da qəbul edilib, Rusiya konvensiyanı 1996-cı ildə imzalayıb, ölkə ərazisində isə iki il sonra qüvvəyə minib.
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Putin ,AŞ,Todaypress.tv,
