Orta Dəhlizdə yük dövriyyəsi artır: Azərbaycan tranzit imkanlarını gücləndirir

Təhlil

25.09.2025 12:26

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nyu-Yorkda “6-cı Xəzər Biznes Forumu”nda çıxış edərək bildirib ki, Orta Dəhliz vasitəsilə yük daşımalarının həcmi yaxın illərdə 50 milyon tondan çox arta bilər. Bunun üçün Azərbaycan əlavə investisiyalar yatırır və Bakı limanının yükötürmə qabiliyyətinin artırılması istiqamətində işlər aparılır.

Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışıb.

O bildirib ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çindən Avropaya və əks istiqamətdə yük daşımalarını sürətləndirir:

"Bu dəhliz vasitəsi ilə yüklər Çindən Avropaya 10-14 gün ərzində çatdırılır ki, bu da digər marşrutlarla müqayisədə əhəmiyyətli üstünlükdür".

Analitikin sözlərinə görə, dəhliz iki əsas istiqamət üzrə işləyir: biri Gürcüstanın Poti və Batumi limanlarından, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə. Dəhlizin əsas üstünlüklərindən biri Rusiyadan yan keçməsi və Çindən gələn yüklərin Mərkəzi Asiya ölkələri vasitəsilə Xəzər dənizi və Gürcüstan limanlarına, oradan isə Türkiyə və Avropaya çatdırılmasıdır.

Politoloq vurğulayıb ki, hələlik dəhliz var gücü ilə işləməsə də, daşınan yük həcmi təxminən 3–4 milyon ton səviyyəsindədir. Zəngəzur dəhlizinin açılması isə Orta Dəhlizin imkanlarını artıracaq və yük daşımalarının həcmini xeyli yüksəldəcək.

O əlavə edib ki, bəzi dövlətlər, xüsusən İran və Rusiya, dəhlizin var gücü ilə işləməsində maraqlı deyillər:

"İranın müqaviməti yükün ölkəsindən yan keçməsi ilə bağlıdır, Rusiyanın iştirakı isə marşrutda azdır. Buna baxmayaraq, Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycan dəhlizin tam potensialından istifadə etməkdə maraqlıdırlar. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasında həlledici rol Azərbaycana məxsusdur və yaxın illərdə Orta Dəhliz vasitəsilə ildə 50 milyon ton və daha çox yükün daşınması mümkündür", - ekspert fikrini tamamlayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Abutalıb Səmədov,Politoloq,Azərbaycan,Orta Dəhliz,Todaypress.tv,

photo