ABŞ İrana endirdiyi zərbələrlə kifayətlənəcək... – ŞƏRH
Təhlil
23.06.2025 17:28
“ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən verilən bəyanatlardan hiss olunur ki, ABŞ İrana endirdiyi zərbələrlə kifayətlənmək istəyir”.
Politoloq Əlimusa İbrahimov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərini bombalaması İsrail-İran münaqişəsində yeni fazanın açılmasını şərtləndirib:
“Bu hücumdan sonra ABŞ-nin İsrail tərəfdən münaqişəyə qoşulduğunu deyə bilərik. İsrail çox çətin vəziyyətdə idi. Müharibəni başladan tərəf olsa da, istədiyi məqsədə nail ola bilmirdi. Məqsəd İranın nüvə təchizatlarını sıradan çıxarmaq idi, amma öz gücü ilə buna nail ola bilmədi. Buna görə də ABŞ İsrailin köməyinə gəldi, başladığı missiyanı davam etdirdi. Bu zərbələrin nə dərəcədə uğurlu olub-olmaması ilə bağlı hələ fikir söyləmək tezdir, amma ABŞ tərəfindən verilən bəyanatlara görə, uğurlu olub. İran onun əksini sübut etməyə çalışır”.
Ekspert düşünür ki, ABŞ bununla dünya yəhudi lobbisinə İsrail tərəfdə olduğunu göstərmək istəyib:
“ABŞ-nin İsrailə yardımının davamlı olub-olmaması İran-İsrail eskalasiyasının səviyyəsindən asılı olacaq. İsrail İrana qarşı hücumları davam etdirər və onun zəifləməsinə səbəb olarsa, ABŞ-yə ehtiyac qalmayacaq. Əksinə, İsrail İranın hücumları qarşısında davam gətirə bilməyəcəksə, onda ABŞ İsrailin İran qarşısında uduzmasına icazə verməyəcək. Tramp administrasiyası tərəfindən verilən bəyanatlardan hiss olunur ki, ABŞ etdiyi hücumla kifayətlənmək istəyir. Bu gün ABŞ prezidentinin atacağı addımlar barədə dəqiq fikir demək mümkün deyil. İrana 7 gün vaxt vermişdi, 7 gün keçməmiş hücum etdi. O, gözlənilməz addımları ilə bizi yenə təəccübləndirə bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurla hücum etdiyini açıqlayıb.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,ABŞ,İran,Todaypress.tv,
