Azərbaycan diplomatiyasının 2025-ci ildəki uğuru: Yüksələn Azərbaycan–ABŞ münasibətləri!

Təhlil

06.01.2026 13:34

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın 5-də jurnalistlərə verdiyi müsahibədə toxunduğu vacib məqamlardan biri də 907-ci düzəlişlə bağlı oldu. Bilirik ki, 907-ci düzəliş əsassız olaraq qəbul edilib”.  

Politoloq  Elşad Mirbəşiroğlu  bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik qeyd edib ki, Prezident 907-ci düzəlişin qəbulunu haqsız hesab edib və ləğvini vacib sayır:

"Ölkə Prezidenti vurğuladı ki, 907-ci düzəlişin qəbul edilməsi ədalətsiz idi və həmin dövrdə onun Azərbaycana ciddi praktiki mənfi təsirləri mövcud olmuşdu. Prezident qeyd etdi ki, məhz həmin vaxt Ermənistan artıq Azərbaycan torpaqlarını işğal etmişdi: Şuşa və Laçın işğal altında idi, bir sıra yaşayış məntəqələrində ermənilər soydaşlarımıza qarşı qanlı terror aktları törətmişdilər, xüsusilə də Xocalıda soyqırım həyata keçirilmişdi. Bütün bu faktlar fonunda ABŞ Konqresi tərəfindən 907-ci düzəlişin qəbul edilməsi açıq-aşkar böyük ədalətsizlik idi.

Prezident həmçinin bildirdi ki, 907-ci düzəlişin qəbul olunması zamanı istinad edilən reallıq mövcud deyildi. Belə ki, bu düzəliş Ermənistanın guya blokada şəraitində olması ilə əsaslandırılırdı, halbuki faktiki olaraq Ermənistan heç bir blokadada deyildi. Cənab Prezident bunu çox aydın şəkildə ifadə etdi: Ermənistanın İran və Gürcüstanla, hətta həmin dövrdə Türkiyə ilə sərhədləri açıq idi. O xatırlatdı ki, Türkiyə ilə Ermənistan sərhədi yalnız 1993-cü ildə bağlanmışdı. Digər tərəfdən isə Ermənistan artıq Azərbaycan torpaqlarını işğal etmişdi. Bu baxımdan Ermənistanın blokada şəraitində olması iddiası əsassız idi və 907-ci düzəliş Konqres tərəfindən haqsız şəkildə qəbul edilmişdi.

Ölkə Prezidenti bu düzəlişin qəbul edilməsində xüsusi rol oynayan şəxsləri də xatırlatdı və Cozef Baydenin adını ayrıca qeyd etdi. Bildirdi ki, əvvəllər senator, daha sonra vitse-prezident, ardınca isə Prezident olan Cozef Bayden 907-ci düzəlişin qəbul edilməsində xüsusi fəallıq göstərmişdi. Məhz bu amillə Bayden–Blinken və Obama–Bayden administrasiyaları dövründə Azərbaycan–ABŞ münasibətlərinin zəif olmasını əsaslandırdı. Bu kontekstdə Prezident vurğuladı ki, hazırda 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və Azərbaycan uzun illər bu istiqamətdə gərgin iş aparıb".

Ekspert vurğulayıb ki, ABŞ–Azərbaycan münasibətləri yeni mərhələyə keçib:


"Bununla yanaşı, Tramp administrasiyası dövründə Azərbaycan–ABŞ münasibətlərinə toxunan ölkə Prezidenti bildirdi ki, hazırkı mərhələdə ABŞ–Azərbaycan münasibətləri yeni bir tarixi dövrə qədəm qoyur. Strateji tərəfdaşlıq xartiyasının hazırlanması istiqamətində işlər aparılır. Qeyd edildi ki, 2025-ci ilin avqustunda Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı mühüm razılaşmalar əldə olunub və bundan sonra münasibətlər faktiki olaraq yeni mərhələyə keçib. Prezidentin tapşırığı ilə Azərbaycandan yüksək rütbəli şəxslər, nazirlər və özəl sektor nümayəndələri ABŞ-də rəsmi səfərlərdə olublar. ABŞ ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması barədə də razılıq əldə edilib və hazırda strateji tərəfdaşlıq xartiyasının hazırlanması istiqamətində işlər davam edir".  

Politoloq bildirib ki, Zəngəzur dəhlizi üzrə işlər irəliləyir:

"Azərbaycan–ABŞ münasibətlərində yeni tarixi dönəm başlayıb və ölkə Prezidenti bunun müsbət praktiki nəticələr verəcəyini vurğulayıb. O, həmçinin ABŞ-yə səfər zamanı sülh sazişinin paraflanması prosesi çərçivəsində Zəngəzur dəhlizinin taleyinə də aydınlıq gətirildiyini, bu istiqamətdə müsbət qərarların qəbul olunduğunu və artıq konkret işlərin görüldüyünü qeyd edib".

Analitik sonda əlavə edib ki, ölkə Prezidentinin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan diplomatiyasının 2025-ci ildə əldə etdiyi mühüm uğurlardan biri də məhz Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə keçməsi istiqamətində əldə olunan nəticələrdir.     

Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,ABŞ,Azərbaycan,Todaypress.tv,