Azərbaycan–BƏƏ münasibətləri strateji zirvəyə yüksəlir - RƏY
Təhlil
17.12.2025 17:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Səfər çərçivəsində iki ölkə lideri strateji tərəfdaşlığın inkişafını müzakirə edib və “Gələcəyin Oyunları 2025” turnirinin açılışında birgə iştirak ediblər.

Bəs bu səfər Azərbaycan–BƏƏ əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə hansı töhfələri verə bilər?
.jpg)
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri günbəgün möhkəmlənir:
"Hər iki tərəfin qlobal məsələlərə yanaşması, eyni zamanda milli maraqların qorunması praktikasında oxşarlıqlar kifayət qədər çoxdur və bu əməkdaşlıq müxtəlif sahələrdə artıq müsbət nəticələr verməkdədir".
O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda bir sıra sahələrə investisiya yatırır, eyni zamanda iqtisadi inkişafla bağlı öz təcrübəsini paylaşmaqda maraqlıdır. Bu çərçivədə birgə layihələr də müzakirə olunur.
Deputat qeyd edib ki, qarşılıqlı səfərlər əlaqələrin möhkəmliyini göstərir:
"Siyasi münasibətlər də yüksək səviyyədədir. BƏƏ rəhbərliyi və yüksək vəzifəli şəxsləri vaxtaşırı Azərbaycana səfərlər edirlər. Eyni zamanda Azərbaycan Prezidenti və hökumət üzvlərinin Birləşmiş Ərəb Əmirliklərinə müntəzəm səfərləri iki dost ölkə arasında münasibətlərin nə qədər möhkəm olduğunu nümayiş etdirir".
Parlamentari sonda diqqətə çatdırıb ki, Cənab Prezidentin bu səfəri həm Əmirliklərdə keçirilən oyunlarda fəxri qonaq qismində iştirak etmək, həm də iki dövlət arasında münasibətləri bir daha müzakirə edərək əməkdaşlıq sahələrinin genişləndirilməsi məqsədi daşıyır.
"Hesab edirəm ki, hər iki ölkə bu əlaqələrə xüsusi həssaslıqla yanaşır və əməkdaşlığımızın genişlənməsi üçün perspektivlər kifayət qədər böyükdür".
Jalə Rövşən
