44 Günlük Vətən Müharibəsi: Qələbə, Birlik və Dövlətçilik
Təhlil
27.09.2025 11:39
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və Silahlı Qüvvələrinin birliyinin, əzminin və qəhrəmanlığının təntənəsi oldu.
Bu müharibə nəticəsində əldə edilən qələbə yalnız ərazi bütövlüyümüzün təmin olunması ilə yadda qalmayıb, həm də ölkəmizi regional layihələrdə aparıcı mövqeyə çıxarıb, beynəlxalq aləmdə nüfuzunu artırıb və dövlətçiliyimizin gələcək nəsillər üçün dayanıqlı təməllərini qoyub.
Deputat Aydın Mirzəzadə TodayPress TV-yə bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik prioritetləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə əldə etməsinə səbəb olub.
“Prioritetlərin düzgün seçilməsi separatçılığa son qoyulmasına və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxardı. Bu ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanan sülh sazişi də Ermənistanın bir daha Azərbaycanın ərazi bütövlüyünə müdaxilədən imtina etməsini rəsmiləşdirdi” , - deyə deputat vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın prioritetləri milli maraqların beynəlxalq hüquqa uyğun təmin olunması, müstəqil dövlətçiliyin qorunması, vətəndaşların təhlükəsizliyi və rifahının yüksəldilməsi, həmçinin ölkənin bütün sahələrində – iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyənin inkişaf etdirilməsi üzərində qurulub.
Parlamentari onu da qeyd edib ki, Prezident İlham Əliyevin siyasi kursu bu prioritetlərin həyata keçirilməsinə yönəlib və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına xidmət edir.
“Azərbaycan öz hüquqlarını qoruya bilir. Bunun əsasında hər bir vətəndaşın dövlətə və müstəqilliyinə bağlılığı dayanır. Xalq və hakimiyyət birliyi Prezidentimizin Azərbaycanın maraqlarını hər zaman üstün tutmasını və səmərəli addımlar atmasını təmin edir,” – deyə Aydın Mirzəzadə fikirlərini yekunlaşdırıb.
Jalə Rövşən
tag: Aydın Mirzəzadə,Deputat,Vətən Müharibəsi,Anım günü,
