Avropa Rusiyadan enerji asılılığını azaldır

Təhlil

25.09.2025 13:08

Rusiya-Ukrayna müharibəsi Avropada qaz və enerji mənbələrinə çıxış, iqlim dəyişikliyi, ekstremal fenomelər və enerji keçidini sürətləndirmə strategiyalarını yenidən aktuallaşdırıb. 

Bu, enerji təhlükəsizliyi ilə iqlim siyasətinin toqquşması məsələsini yenidən gündəmə gətirib.

"Müharibə Avropanın enerji strategiyasını ciddi böhrana sürükləyib. Bununla belə, Avropa İttifaqı sahədə konkret yeniliklər həyata keçirir".

Bu sözləri TodayPress TV-yə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycanın qazının, Çinin yaşıl enerji resurslarının idxalı və ABŞ ilə Avropa İttifaqı arasında razılaşmaya əsasən, sıxılmış qazın Avropaya göndərilməsi bu tədbirlərin əsasını təşkil edir.

"Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması ilə Mərkəzi Asiyadakı karbohidrogen ehtiyatlarının Avropaya nəqli planlaşdırılır".

Əsədullazadə vurğulayıb ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığını əhəmiyyətli dərəcədə azaldaraq öz müstəqil enerji siyasətini qurmağa çalışır. Həmçinin enerji mənbələrinin şaxələndirilməsi istiqamətində də addımlar atılır. Hazırda yalnız kiçik bir faiz olaraq Slovakiya, Macarıstan və Bolqarıstan Rusiyadan qaz alır. Bu göstəricinin isə gələcəkdə azalacağı gözlənilir. Əlavə olaraq, Avropanın alternativ enerji mənbələri genişdir və Qətərdən Suriya ərazisi ilə çəkiləcək qaz boru kəməri də növbəti mərhələdə planlaşdırılır.

Ekspert son olaraq qeyd edib ki, Avropa İttifaqı enerji təhlükəsizliyi ilə iqlim siyasətini balanslaşdırmaq üçün hüquqi protokollar çərçivəsində siyasətini korrektləşdirəcək və bu proses iqlim dəyişkənliklərinə səbəb olmayacaq. 

“Bir sözlə, Avropa İttifaqı Rusiyadan enerji asılılığını aradan qaldırmaq və enerji mənbələrini şaxələndirmək strategiyasını uğurla həyata keçirir”, - deyə ekspert fikirlərini yekunlaşdırıb

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Avropa,Rusiya,Todaypress.tv,

photo