Sülh iqtisadiyyata necə təsir edəcək? - Deputat AÇIQLADI

Təhlil

08.08.2025 14:41

"8 avqust Cənubi Qafqaz üçün tarixi gündür. Vaşinqton Anlaşması ilə Azərbaycan ilə Ermənistan arasındakı 37 illik qarşıdurmaya bu gün son qoyulacağı gözlənilir". 

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun əldə etdiyi zəfərdən sonra formalaşan yeni regional düzən ölkəmizin ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın imzalanmasına şərait yaradıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Qafqaz sülh və inkişaf fazasına daxil olur.

"Sülh anlaşmasının imzalanmasının starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər". 

Deputat vurğulayıb ki, sülh müqaviləsi regiona daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Uzun illər davam edən konfliktlər xarici investorların marağını azaldırdısa, indi inkişaf etmiş ölkələr tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionuna sərmayə yatırımı artacaq. Bu isə xüsusilə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək əsas prioritetdir.

"Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üçün geniş iqtisadi imkanlar açacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya olunaraq yeni tranzit layihələrinin reallaşmasına zəmin yaradacaq. Bu dəhliz Azərbaycan üzərindən illik təxminən 35 milyon ton yük daşınmasına imkan verərək ölkəmizi regional yükdaşıma hubuna çevirəcək".

Vüqar Bayramov sonda qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqazda daha stabil və inkişaf etmiş gələcəyin əsasını qoyacaq vacib addımdır.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Sülh,İqtisadiyyat,Todaypress.tv,

photo