“Minib-düşmə” məntəqələri şəhərə nə vəd edir?

Sosial

12.06.2025 17:15

"İri ticarət mərkəzlərinin, metrostansiyaların yaxınlığında və əsas prospektlərin kənarında taksilərin nizamsız dayanmasının qarşısını almaq üçün xüsusi "minib-düşmə" məntəqələrinin yaradılması şəhər nəqliyyatına intizam gətirəcək". 

Nəqliyyat üzrə ekspert Elman Cəfərov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, bu təşəbbüs artıq bir neçə ərazidə reallaşmağa başlayıb və gələcək planlar arasında avtobus zolaqlarında belə bu məntəqələrin təşkili nəzərdə tutulur. 

O, xüsusilə Yusif Səfərov küçəsi, “28 May” və “Sevgi” parkı ərazilərində bu cür məntəqələrin yaradılmasını vacib hesab edir və artıq rəsmi təkliflərin də təqdim olunduğunu bildirib.

Ekspert həmçinin diqqətə çatdırıb ki, hazırda şəhərdə çoxsaylı taksi dayanacaqları olsa da, bu yerlər təyinatına uyğun istifadə olunmamaqla yanaşı, fərdi avtomobillər tərəfindən zəbt edilib. Bu da taksilərin müştəri gözləməsinə və fəaliyyətinə ciddi əngəllər yaradır. 

Mütəxəssis təklif edir ki, bu dayanacaqlar da "drop-off" nöqtələrinə çevrilsin.

“Bu təşəbbüs həm sürücülər, həm sərnişinlər, həm də digər nəqliyyat vasitələrinin istifadəçiləri üçün faydalı olacaq. Xüsusilə də taksi sürücüləri uzun müddətdir ki, sərnişin mindirərkən və ya düşürərkən cərimələnməkdən şikayətlənirdilər. İndi bu problemin aradan qalxması olduqca müsbət addımdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, paytaxtın bir neçə ərazisində taksilərin nizamsız dayanmasının qarşısını almaq üçün xüsusi "minib-düşmə" məntəqələri yaradılıb. Buna ilk nümunə isə şəhərin ən qaynar ərazisi hesab olunan "Gənclik Mall"un parklama yerinin giriş hissəsidir.

Töhfə Səməd

tag: "Minib-düşmə” məntəqələri,Dayanacq,Elman Cəfərov,Cəmiyyət,todaypress.tv,

photo