Kalsiumlu su yaşlılarda yıxılma riskini 82% azaldır
Sosial
02.02.2026 19:30
Kalsium və maqneziumla zəngin mineral suyun müntəzəm qəbulu 50 yaşdan yuxarı insanlarda əzələ sağlamlığını yaxşılaşdırır və yıxılma riskini əhəmiyyətli dərəcədə azaldır.
TodayPress TV xəbər verir ki, İtaliya alimlərinin "Nutrients" jurnalında dərc olunan randomizə edilmiş, ikiqat kor tədqiqatına əsasən, bu təsir xüsusilə yaşlı yaş qrupunda özünü göstərir.
Araşdırmada orta yaşı 60-a yaxın olan 98 nəfər iştirak edib. Onların bir qismində sümük sıxlığının və əzələ kütləsinin azalması ilə xarakterizə olunan osteosarkopeniya əlamətləri müşahidə olunub. İştirakçılar bir il ərzində iki qrupa bölünüb: birinci qrup hər gün kalsium və maqnezium tərkibi yüksək olan bir litr mineral su içib, ikinci qrup isə aşağı minerallaşmaya malik su qəbul edib.
Nəticələrə görə, altı ay sonra birinci qrupda yıxılma riski 82 faiz azalıb. Bir il tamam olduqda isə həmin iştirakçılarda əzələ kütləsində statistik baxımdan əhəmiyyətli artım qeydə alınıb.
Alimlər bu nəticələrin yaşlı insanlarda əzələ-sümük sağlamlığının qorunmasında mineral suların roluna diqqət çəkdiyini bildirirlər.
Qiymət Mahir
tag: Kalsium ,Maqnezium,Su,Mineral,Todaypress.tv,
