Zahid Oruc: “Konstitusiya müstəqilliyin hüquqi və siyasi baş planıdır”

Siyasət

05.11.2025 10:41

“Vətən müharibəsində Qələbəmizin 5-ci ili, yeni siyasi təqvimin parlaq günü — 8 Noyabr ümumxalq bayramı qarşısındayıq. Əsrlər boyu dövlətçilik tarixində ağır sınaqlardan keçən azərbaycanlılar şərəflə qazandıqları Zəfəri təkcə ərazi bütövlüyü və suverenlik hadisəsi kimi deyil, həm də qalib yüz ilin, yeni milli və siyasi kimliyin başlanğıcı kimi qəbul edirlər”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “2025 – Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: Qlobal çağırışlar, tendensiya və perspektivlər” adlı elmi-praktik konfransda deyib. 

Deputat bildirib ki, bu ilin “Konstitusiya və suverenlik ili” elan olunması Vətən müharibəsindəki Qələbəmizin məntiqi nəticəsidir:

“Əgər o Zəfər olmasaydı, bu il fərqli statusda, sadəcə yubiley kimi qeyd edilərdi. İndi isə bütövləşən Ali Qanunumuz milli hüquqlarımızın zirvəsinə çevrilib və bu, yeni dünya nizamına verilən ən güclü mesajdır”.

Millət vəkili müasir Azərbaycanın konstitusiya tarixindən danışarkən qeyd edib ki, 

Milli Konstitusiyamız yalnız 1995-ci ildə, Heydər Əliyevin ölkədə hərbi-siyasi xaosa son qoyduğu dövrdə mümkün olub.

"O, bu sənədin banisidir. 12 noyabrda qəbul edilən Ana Qanun təkcə hüquqi sənəd deyil, Heydər Əliyevin dövlət kitabıdır”.

Zahid Oruc vurğulayıb ki, Azərbaycan 20 faiz ərazisi işğal altında olarkən belə, insan hüquqlarını və bəşəri dəyərləri bəyan edib:

“Deməli, Ana Qanunumuz işğala qarşı ilk ümumxalq proqramıdır. O, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüquqi, siyasi və hərbi baş planıdır”.

Deputat Ulu Öndərin konstitusion sistemin memarı kimi tarixi roluna toxunaraq bildirib:

“Heydər Əliyev dini və milli kimliyimizi müasirlik və dünyəviliklə peşəkarlıqla uzlaşdırdı. Onun qurduğu dövlət modeli regionda sabitliyin təminatına çevrildi. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi isə konstitusion varisliyin davamı və Ulu Öndərin ideyalarının təntənəsi idi”.

O, dünya təcrübəsinə də istinad edib:

“Qədim dövlətçilik ənənələri ilə öyünən Britaniya bu günə qədər yazılı Konstitusiyaya malik deyil. Fransada isə xalq 24 dəfə Konstitusiyasını dəyişərək 5-ci respublikanı qurub. Bütün bunlar göstərir ki, Konstitusiya yalnız qanunlar toplusu deyil, bir millətin ideallarının və hüquqi kimliyinin pasportudur”.

Qiymət Mahir

TodayPress TV

tag: Zahid Oruc,Qələbə,Vətən,8 Noyabr,Todaypress.tv,