TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL

TRİPP yolu Zəngəzur dəhlizinin bir hissəsidir, əksi mövcud deyil - TƏHLİL
15.07.2026 11:21 Siyasət

Vaşinqtonun son açıqlaması bir çox başlıqda “Zəngəzur dəhlizi Ermənistanın nəzarətində qalır” kimi oxundu. Halbuki Dövlət Departamenti Zəngəzur dəhlizindən danışmır. O, marşrutun cəmi bir seqmentindən — Ermənistan ərazisinə düşən hissədən danışır. 

Verilməyən cavab

“Azadlıq Radiosu” ABŞ Dövlət Departamentinə konkret sual ünvanlamışdı: Vaşinqton layihə iştirakçısı kimi marşrutun Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüquqi çərçivəsi əsasında işləməsinə razılıq veribmi? Gömrük tranziti prosedurları Aİİ qaydaları ilə tənzimlənəcəkmi? Ermənistanla ABŞ arasında bu barədə razılaşma varmı?

Cavab belə olub:

“TRIPP Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur. Sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyalar Ermənistanın nəzarəti altında qalır. Nəzarəti Ermənistan hakimiyyəti həyata keçirir və əsas qərarları da o qəbul edir.”

Diqqət yetirin: sual Aİİ haqqında idi, cavabda “Aİİ” sözü ümumiyyətlə keçmir. Bu, diplomatik dildə tanış janrdır — verilən cavab sualın cavabı deyil, sualın ətrafından keçən bir formuldur. Üstəlik, bu formul hər iki ehtimalla uzlaşır: Ermənistan gömrüyü Aİİ qaydalarını tətbiq etsə də, tətbiq etməsə də, “funksiyalar Ermənistanın nəzarətindədir” cümləsi doğru qalır. Vaşinqton mövqe bildirmədi; mövqe bildirməkdən yayınmağın texniki yolunu tapdı. Marşruta indiyədək nə qədər vəsait ayırdığını açıqlamaması da eyni məntiqin davamıdır.

Bu cavabsızlığın arxasında real gərginlik var. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan iyulun 1-də jurnalistlərin “TRIPP Aİİ qaydaları ilə işləyəcəkmi?” sualına birmənalı “bəli” demişdi: Ermənistan Aİİ üzvüdür, tranzit qaydaları Aİİ normaları ilə tənzimlənir, gömrük prosedurlarını Ermənistan gömrük orqanları icra edir. Moskva da eyni xətti müdafiə edir — Rusiya XİN-in müavini Mixail Qaluzin marşrutun Aİİ qaydalarına tabe olmasını, hətta Rusiya standartında geniş rels izi ilə çəkilməsini vacib sayır. Yəni ABŞ-ın imzaladığı layihənin hüquqi rejimi barədə İrəvanla Moskva razıdır, Vaşinqton isə susur.

Adların böyüdüb-kiçiltdiyi coğrafiya

Burada əsas metodoloji səhv başlayır. Azərbaycan mediasında “Zəngəzur dəhlizi (TRIPP marşrutu)” yazılışı standarta çevrilib — sanki iki ad eyni obyekti bildirir. 

TRIPP — “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” — hüquqi baxımdan ABŞ ilə Ermənistan arasında ikitərəfli çərçivədir. Saziş mayın 26-da dövlət katibi Marko Rubionun İrəvan səfərində paraflanıb, iyunun 4-də isə imzalanıb. Layihəni “TRIPP Development Company” idarə edəcək: səhmlərin 74 faizi ABŞ-ın, 26 faizi Ermənistanın payına düşür, inkişaf hüququ ilkin olaraq 49 illik müddətə verilir. Bu şirkətin fəaliyyət sahəsi Ermənistanın Sünik vilayətindən keçən — geniş yayılmış qiymətləndirməyə görə təxminən 42 kilometrlik — hissədir. Nə bir metr artıq, nə bir metr az.

Zəngəzur dəhlizi isə bundan qat-qat böyük bir bağlantının adıdır və onun fiziki kütləsinin əsas hissəsi Ermənistandan kənardadır:

Şərq tərəfi: Horadiz–Ağbənd dəmir yolu. Ox üzrə uzunluğu 110,4 km, yan yollarla 140,6 km; illik buraxıcılıq qabiliyyəti 15 milyon tona qədər. Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyaları inşa edilir. Bu xətt Zəngilandan keçir, Ağbənddə Ermənistan sərhədinə dayanır. Fevral ayına olan məlumata görə tikinti 70 faiz həcmində tamamlanıb, xəttin bu il sərhədə çatdırılması planlaşdırılır.

Qərb tərəfi: Naxçıvandakı modernləşdirmə işləri və Türkiyə istiqamətindəki bağlantı.

Sadə arifmetika: Azərbaycanın öz ərazisindəki dəmir yolu seqmenti təkbaşına TRIPP-in tabe olduğu məsafədən iki yarım dəfə uzundur. Naxçıvan hissəsini və Türkiyə bağlantısını da əlavə etsək, nisbət daha da kəskinləşir. TRIPP dəhlizin bir hissəsidir; dəhliz TRIPP-in bir hissəsi deyil.

Bu fərq nəyi dəyişir

İndi Safaryanın açıqlamasını yenidən oxuyaq. “Tranzit Aİİ qaydaları ilə işləyəcək” cümləsi hüquqi olaraq nəyi əhatə edir? Yalnız Ermənistan gömrüyünün yurisdiksiyasına düşən məsafəni. Aİİ rejimi Ağbənddən şərqə keçə bilməz — Azərbaycan Aİİ üzvü deyil və Horadiz–Ağbənd xətti Azərbaycan qanunvericiliyi altındadır. Naxçıvanda da vəziyyət eynidir. Türkiyə istiqamətində isə söhbət tamamilə başqa hüquqi məkandan gedir.

Yəni İrəvanın “Aİİ qaydaları tətbiq olunacaq” bəyanatı marşrutun bütövü barədə deyil, öz seqmenti barədə bir bəyanatdır — və bu seqmentdə həmin qaydaların tətbiqi onsuz da Ermənistanın Aİİ üzvlüyündən avtomatik doğur. Burada yeni heç nə yoxdur. Yeni olan — bu lokal faktın bütün dəhlizin hüquqi rejimi kimi təqdim edilməsi cəhdidir. Terminlərin qarışdırılması məhz bu cəhdi mümkün edir: “TRIPP”i “Zəngəzur dəhlizi”nin sinonimi kimi qəbul etsəniz, 42 kilometr üçün deyilən sözü 300 kilometr üçün deyilmiş sayacaqsınız.

Yurisdiksiya və əməliyyat: iki ayrı sual

Dövlət Departamentinin cavabında ikinci bir incəlik də var. “Sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyalar Ermənistanın nəzarəti altında qalır” — bu, yurisdiksiya haqqında ifadədir. Amma yurisdiksiya ilə gündəlik əməliyyat eyni şey deyil.

Ararat Mirzoyan daha əvvəl marşrutdan istifadə edən şəxslərlə birbaşa təması — sənədlərin toplanmasını, tranzit ödənişlərinin qəbulunu — üçüncü ölkədən olan operatora həvalə etmək variantını istisna etməmişdi. ABŞ–Ermənistan çərçivə sazişinin İrəvanın dərc etdiyi mətnində də sərhəd-keçid məntəqələrində özəl operatorlardan istifadə nəzərdə tutulur.

Bu iki ifadə bir-birini inkar etmir; onlar iki fərqli qatdan danışır. Hüquqi nəzarət Ermənistanda qalır, fiziki təmas isə operatora keçir. Azərbaycanın Vaşinqton görüşündən əvvəl irəli sürdüyü tələb də məhz bu qatla bağlı idi: Prezident İlham Əliyevin “bizim yüklər və bizim vətəndaşlar hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil” formulu suverenliyin kimə aid olduğu barədə deyil, keçidin necə həyata keçəcəyi barədə şərt idi. Odur ki, Dövlət Departamentinin “Ermənistanın yurisdiksiyası qorunur” cümləsi Bakının tələbini inkar etmir — sadəcə başqa suala cavab verir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər