Trampın növbəti hədəfi BMT-dir: Maliyyələşdirmə dayandı!
Siyasət
07.11.2025 19:03
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Birləşmiş Ştatların islahatlar aparılana qədər BMT-nin maliyyələşdirməsini dayandırdığını açıqlayıb.
O izah edib ki, BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin təzyiqi ilə təşkilatın büdcəsini 15% azaltmağa, ümumi heyət sayını 18% ixtisar etməyə və dünya üzrə sülhməramlı qüvvələrin sayını 25% azaltmağa razılaşıb:
“Biz BMT-yə qarşı sərt davranacağıq. Düşünürəm ki, biz onu bir çox cəhətdən özündən xilas edəcəyik və dəyişikliklərə kömək edəcəyik”.

Görünən odur ki, bir sıra beynəlxalq təşkilatların pulunu kəsən ABŞ Prezidenti Donald Tramp BMT-nin də pulunu kəsir.
Bəs o bu addımla hansı mesajı verir? Maliyyənin dayanması BMT-yə necə təsir edəcək?

Məsələni TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, BMT artıq dünya siyasətində öz əsas funksiyasını yerinə yetirə bilmir və bu qurumun indiki idarəçilik sistemi özünü doğrultmur:
“Dünya siyasətinin ali tribunası hesab edilən BMT bu gün beş daimi üzv ölkənin mənafelərini müdafiə edən bir təşkilata çevrilib. Həmin ölkələrin təsiri ilə qəbul edilən qərarların böyük hissəsi icra olunmur, nəticədə həm BMT-nin nüfuzu zərbə alır, həm də beynəlxalq hüquqa inam azalır. Bu, dünyanı xaosa aparan təhlükəli prosesdir”.

Politoloq qeyd edib ki, Donald Trampın BMT ilə bağlı səsləndirdiyi fikirlər və addımlar real vəziyyətin əksidir:
“Trampın dediyi kimi, o bu günə qədər səkkiz müharibəni dayandırıb, lakin ən böyüyü – Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. ABŞ-nin söz sahibi olmadığı bir quruma əsas maliyyə yükünü daşıması məntiqli deyil. Bu baxımdan Trampın mövqeyi tam əsaslıdır”.
Azər Qasımovun sözlərinə görə, təşkilatda islahatlar aparılmadan ABŞ-nin təzyiqləri nəticə verməyəcək:
“BMT-də köklü struktur və düşüncə dəyişikliyi baş verməsə, heç bir addım effektiv olmayacaq. Əslində, bu sistemdə ədalət prinsipi pozulub. Ona görə də daimi üzvlərin siyahısı genişləndirilməli, xüsusilə müsəlman ölkələri – o cümlədən Türkiyə də idarəçilikdə təmsil olunmalıdır”.
Ekspert hesab edir ki, ən ədalətli model rotasiya sistemidir:
“Əgər idarəetmədə bütün qitələri təmsil edən ölkələr müəyyən dövrlərlə iştirak etsə, qərarlar da universal xarakter daşıyar və bütün dövlətlər üçün məcburi qüvvəyə malik olar. Bu həm BMT-yə inamı bərpa edər, həm də beynəlxalq ədalətin bərpasına real zəmin yaradar”.
Qiymət Mahir
tag: BMT,Donald Tramp,ƏHD,Antonio Quterreş,Azər Qasımov,Todaypress.tv,
