Moskvanın naftalin qoxulu müstəmləkə siyasətinə Vaşinqton Zirvəsi silləsi...

Təhlil

13.08.2025 15:15

"Rusiyanın milli siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqinin fikirləri ilə müəyyən qədər razılaşmaq olar. Həqiqətən də, Rusiya keçmiş postsovet məkanında öz təsirini itirib və bunun əsas səbəbkarı da elə Kremlin özüdür".

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, region ölkələrinin daxili işlərinə müdaxilə etmək, dövlətlər arasında özü tərəfindən yaradılmış münaqişələri nəzarətdə saxlamağa çalışmaq, bu ölkələri öz təsiri altına almaq siyasəti, həmçinin ərazi iddiaları keçmiş postsovet respublikalarının Rusiyadan uzaqlaşmasına səbəb olub:

"Rusiya bu gün Ukrayna ilə mənasız və nəticəsiz bir müharibə aparır və bu münaqişə ilk növbədə Rusiyanın özü üçün zərərlidir. Necə ki, Gürcüstanla 2008-ci ildə baş vermiş müharibə bu ölkənin Qərbə inteqrasiyasını sürətləndirdisə, eyni proses son illərdə Ukrayna, Ermənistan və Moldova üçün də başlanıb. Rusiya hələ də bu ölkələrə keçmiş müstəmləkələri kimi yanaşır. Əgər Moskva bu siyasətini davam etdirərsə, daha çox geosiyasi itkilərlə üzləşəcək. Rusiya anlamalıdır ki, bu dövlətlər müstəqildir və münasibətlər yalnız beynəlxalq hüququn prinsipləri əsasında qurulmalıdır", - deyə analitik fikrini yekunlaşdırıb.

Qeyd edək ki, rusiyalı avrasiyaçı alim Aleksandr Duqin bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Zirvəsində bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu “bərpa etmək” vaxtıdır.

Onun sözlərinə görə, bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: 

"Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan sillədir”.

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Rusiya,Vaşinqton zirvəsi,Todaypress.tv,

photo