Rəhmon görünmür, Yatimov ölkəni tərk edir... — Tacikistanda NƏ BAŞ VERİR?
Siyasət
16.02.2026 17:38
Son günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmonun səhhəti və onun yaxın çevrəsindən bəzi yüksək vəzifəli şəxslərin ölkəni tərk etməsi ilə bağlı iddialar yayılıb.

Bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməsə də, prezident təxminən iki həftədir, rəsmi tədbirlərdə və mediada görünmür. O son dəfə yanvarın 28-də təhlükəsizlik orqanları rəhbərləri ilə görüşdə görüntülənib. Tacikistanda prezidentin fəaliyyəti adətən gündəlik işıqlandırıldığı üçün bu fasilə müxtəlif fərziyyələrə, o cümlədən səhhətlə bağlı ehtimallara səbəb olub. Bəzi mənbələr onun İsveçrədə müalicə aldığını bildirirlər.
Prezident Administrasiyası isə yaxın günlərdə bir sıra rəsmi görüşlərin planlaşdırıldığını açıqlayıb və iş qrafikinin əvvəlcədən ictimaiyyətə təqdim olunmamasının adi hal olduğunu bildirib.
Eyni zamanda Emoməli Rəhmonun siyasi keçidi təmin etmək və oğlu, Düşənbə meri Rustam Emoməlini gələcək prezident kimi möhkəmləndirmək niyyətində olduğu iddia edilir. Bildirilir ki, bu məsələ Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə olunub, lakin konkret nəticə barədə məlumat yoxdur. Ölkədə dini aşirətlərin təsiri də mümkün tranzit prosesində mühüm faktor sayılır.
Yayılan xəbərlərdə Dövlət Təhlükəsizlik Xidmətinin sədri Sayminun Yatimovun ölkəni tərk etdiyi, paytaxt Düşənbədə isə mərkəzi dövlət iqamətgahına gedən yolların bağlandığı iddia olunur. Bu barədə də rəsmi açıqlama verilməyib.

Bütün bunlar Tacikistanda mümkün hakimiyyət ötürülməsi ilə bağlı sualları gündəmə gətirir.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli 2016-cı ildə Tacikistanda qəbul edilən qanunu xatırladıb:

“2016-cı ilin yanvarın 22-də Tacikistan parlamentinin aşağı palatası dövlət başçısı Emoməli Rəhmonun qeyri-məhdud sayda prezident seçilməsinə imkan verən qanun layihəsini qəbul etmişdi. Emoməli Rəhmon 1992-ci ildən Tacikistana rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur. Keçmiş SSRİ məkanında demək olar ki, ən uzun müddət hakimiyyətdə olan dövlət rəhbəridir.
Dünyada baş verən proseslər fonunda Tacikistanda da hakimiyyətin ötürülməsinə start verilməsi mümkün variantdır. Rusiyanın bu coğrafiyada təsir imkanları olduqca böyükdür. Postsovet ölkələrində avtoritar rejimlərin hakimiyyəti ailə üzvlərinə ötürməsi ənənəsi artıq formalaşıb. Bir neçə il öncə bu cür addım Türkmənistanda da atıldı. Bu dəfə, yəqin ki, növbə Tacikistanındır”.
Ekspert bildirib ki, Rustam Emoməlinin hakimiyyət pilləsində irəliləməsi bu qənaəti daha da möhkəm arqumentə çevirir:

“Bununla hakimiyyətin Rustam Emoməliyə ötürülməsi prosesində önəmli addım atılıb. Milli Məclisin yuxarı palatasının sədri seçilməklə o, ölkədə ikinci şəxsə çevrilib. Prezident olan atası Emoməli Rəhmon səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə, dövlət başçısının səlahiyyətləri avtomatik olaraq parlamentin yuxarı palatasının sədri olan Rustam Emoməliyə keçəcək”.
B.Həsənbəyli qeyd edib ki, 68 yaşlı Emoməli Rəhmonun səhhətində ciddi problemlər olması ilə bağlı məlumatlar ötən ildən yayılmağa başlayıb. O düşünür ki, Tacikistan Prezidenti bu addımı ilə hər hansı fors-majorun qarşısını almağı planlaşdırır. Əks təqdirdə, on illərlə qurduğu siyasi və iqtisadi imperiyası ilə bağlı ciddi problemlər qaçılmaz ola bilər.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli ,Politoloq,Emoməli Rəhmon,Sayminun Yatimov,Todaypress.tv,
